Cəlilabadda Vətən müharibəsi iştirakçılarına və qazilərə medallar təqdim olunub
Cəlilabad, 5 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəlilabad rayonu üzrə təltif olunmuş bir qrup hərbi qulluqçunun medallarının təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Prezident İlham Əliyevin Vətən müharibəsində Qələbəyə həsr olunmuş çıxışı və 44 günlük Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Müharibə iştirakçıları və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.