Cəsur əsgər Rahib Məmmədovun şücaəti gənclərimiz üçün bir örnəkdir
Ağdam, 1 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəsur azərbaycanlı əsgər Rahib Məmmədovun xatirəsi onun adını daşıyan Ağdam rayonunun Mahrızlı kəndindəki Döyüş şöhrəti muzeyində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə R.Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə gül-çiçək düzərək xatirəsini ehtiramla yad ediblər.
Muzeyin direktoru Sahib Məmmədov, kəndin ərazi nümayəndəsi Rövşən Gərayev, tarix müəllimi Nicat Məmmədov, Rahib Məmmədovun tələbə yoldaşı Mirağa Ağamirov çıxış edərək onun mənalı və qəhrəmanlıqla dolu həyatından danışıblar. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Çıxışlarda vurğulanıb ki, Rahib Məmmədovun şücaəti gəncliyimiz üçün örnəkdir.
Mərasimdə məktəblilərin ifasında şeirlər səsləndirilib. Tədbirdə fəal şagirdlərə və xidmətdə fərqlənən bir qrup əsgərə fəxri fərman təqdim edilib.
Tədbir iştirakçıları sonra Döyüş şöhrəti muzeyində R.Məmmədova, həmçinin Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus əşyalarla tanış olublar.