DÜNYA
“Çəhrayı” arzu neçəyədir?
Bakı, 14 noyabr (AZƏRTAC). Cenevrədə, “Sotheby´s” hərracında “Çəhrayı ulduz” adlı nadir brilyant satılmışdır. 83 milyon dollardan bir qədər artıq qiymətə satılan “Çəhrayı ulduz” dünyada ən bahalı brilyant olmuşdur.
Daşın yeni sahibi, Nyu-yorklu almaz cilalayıcısı brilyantın adını dərhal dəyişərək onu “Brilyant arzu” adlandırmışdır. Çəkisi 59,60 karat olan çəhrayı rəngli brilyant uğrunda cəmi 4 namizəd mübarizə aparmışdır.
“Sotheby´s” hərrac evinin nümayəndəsi Devid Benet demişdir: “Çəhrayı, mavi və yaşıl brilyantlar bütün qiymətli daşlar arasında ən nadir daşlar sayılır. Daşların qiyməti onların nadirlik dərəcəsinə uyğun gəlir”.
“Çəhrayı ulduz”un cilalandığı almazı 1999-cu ildə Afrikada “De Birs” şirkəti hasil etmişdir.
Almazın cilalanması iki il çəkmişdir. Sonra bu qiymətli daş planetimizin ən nadir brilyantları ekspozisiyasında nümayiş etdirilmişdir.
Bu barədə məlumatı “euronews” telekanalı yaymışdır.