Çimərlik futbolu üzrə Portuqaliya millisi Bakıda Fransa yığmasını məğlub edib
Bakı, 23 iyun, AZƏRTAC
Portuqaliya millisi Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirində ikinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Su İdman Sarayının ərazisində yerləşən Avropa Oyunları Parkında keçirilən turnirin ikinci turunda Portuqaliya millisi Fransa yığması ilə üz-üzə gəlib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Portuqaliya futbolçuları 5:3 hesablı qələbə qazanıblar.
Portuqaliya millisi növbəti oyununu iyunun 24-də Azərbaycan, Fransa isə Belarus yığmasına qarşı keçirəcək.
İkinci oyun gününün birinci qarşılaşmasında İsveçrə millisi Almaniya yığmasını böyük hesabla məğlub edib - 10:2.
İkinci tura iyunun 23-də keçiriləcək İtaliya-Ukrayna və Azərbaycan-Belarus oyunları ilə yekun vurulacaq.