Çin Beynəlxalq İdxal Sərgisinin vaxtı dəyişməz qalır
Pekin, 16 may, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən Beynəlxalq İdxal Sərgisinin cari il üçün təşkilinin vaxt dəyişməz qalır.
AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyan sərgi yeni növ koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq daha əvvəldən planlaşdırıldığı kimi noyabrın 5-dən 10-dək təşkil olunacaq.
Sərginin təşkili üçün hazırlıq işləri davam edir. Müxtəlif ölkələrdən 50-dək şirkət bu il üçüncü dəfə keçiriləcək sərgidə iştirakını təsdiqləyib, 1400 iştirakçının da müraciəti qəbul olunub. Sərgi sahəsinin 80 faizdən çoxu artıq rezervasiya edilib.
Qeyd edək ki, 2018-ci ildən təşkil olunan sərgi dünyada ən böyük idxal sərgisi hesab olunur. Ötən il 2-ci Çin Beynəlxalq İdxal Sərgisində 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətləri nümayiş etdirilib. Sərgi çərçivəsində 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.
Azərbaycan indiyədək keçirilmiş hər iki sərgidə fəal iştirak edib. Ötən il 2-ci Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində Azərbaycan iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib. Biznes bölməsindəki pavilyonda isə 26 şirkətin “Made in Azerbaijan” brendi ilə istehsal etdiyi məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib. İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb. Bundan başqa, sərginin paralel forumlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq sahələr üzrə ölkəmizin potensialı, əldə olunan uğurlar və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin