“Çin dili” kursunun buraxılış mərasimi olub
Bakı, 28 dekabr, AZƏRTAC
Milli Müdafiə Universiteti Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli Azərbaycanla Çin arasında hərbi təhsil sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Keçirilən kursun əhəmiyyətindən danışan polkovnik E.Ələsgərli kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonra Çin Xalq Respublikasının Azərbaycandakı hərbi attaşesi polkovnik Vanq Lei kursun təşkilində və tədbirin ərsəyə gəlməsində əməyi olan Hərbi İdarəetmə İnstitutunun professor-müəllim və zabit heyətinə minnətdarlığını bildirib.
Həmçinin çıxışlarda bu cür kursların iki dövlət arasında hərbi əlaqələrin genişlənməsində vacib rolu olduğu vurğulanıb.
Qeyd olunub ki, bu dilin öyrənilməsi ilə hərbi qulluqçularımız Çin Xalq Respublikasında müxtəlif ixtisaslar üzrə keçiriləcək kurslarda iştirak edəcək, bilik və bacarıqlarını daha da artıracaqlar.
Çıxışlar başa çatdıqdan sonra kurs iştirakçılarına sertifikatlar təqdim olunub.