Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir
Kunmin, 6 sentyabr, AZƏRTAC
Çinin Yunnan əyalətinin paytaxtı Kunmin şəhərində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin, Çin Kommunist Partiyası Yunnan əyalət komitəsinin və Yunnan əyalət hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 110 ölkə və beynəlxalq təşkilatdan dövlət və hökumət rəsmiləri, rəhbər şəxslər, alimlər, tədqiqatçılar, ekspertlər, jurnalistlər iştirak edir. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə nümayəndə heyəti forumda ölkəmizi təmsil edir.
Nümayəndə heyətinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyəti sədrinin müavini, professor Tahirə Allahyarova, MEDİA-nın və AZƏRTAC-ın əməkdaşları daxildir.
“Qlobal Cənubun gücləndirilməsi, qlobal dəyişikliyin yönləndirilməsi” devizi altında keçirilən forumun iştirakçıları 5 gün ərzində müxtəlif mövzular üzrə müzakirələr aparacaq, tədbirin mövzusunu əməli layihələrdən ötrü real həllərə çevirmək üçün təcrübələrini bölüşəcəklər.
Açılış mərasimində çıxış edən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat departamentinin direktor müavini Hı Hepin, Sinxua agentliyinin prezidenti Fu Hua, Yunnan əyaləti partiya katibi Van Yubo, BMT Baş katibinin qlobal kommunikasiya məsələləri üzrə müavini xanım Melissa Fleminq və başqaları Qlobal Cənubu narahat edən məsələlərin müzakirəsi, o cümlədən sülh quruculuğu, əməkdaşlıq üçün yeni yolların tapılması, inkişafa dəstək, sivilizasiyalararası dialoqun gücləndirilməsi mövzularının müzakirəsi üçün media və beyin mərkəzlərinin ortaq fəaliyyətinin vacibliyindən danışıblar.
Forum çərçivəsində plenar iclaslar, 4-cü Yunnan Beynəlxalq Kommunikasiya, Süni İntellekt Texnologiyası və Media, Qlobal Cənub Beyin Mərkəzləri, Qlobal Cənub Gənclər Dialoqu və Qlobal Cənub Dünya İrs forumları təşkil olunacaq, Qlobal Cənub Birgə Kommunikasiya Tərəfdaşlığı Şəbəkəsi təsis ediləcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Kunmin