Çoua Ouçeimi: Azərbaycan koronavirus pandemiyası ilə mübarizəyə müsbət töhfələr verib
Bakı, 2 mart, AZƏRTAC
COVID-19 pandemiyasının ən kəskin dövrlərində Azərbaycanın koronavirus pandemiyası ilə mübarizəyə müsbət töhfələri çox vacib idi. Bu dövrdən sonra bütün dünyada böyük dəyişikliklər oldu.
Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün iştirakçısı Fransa Milli Akademiyasının (ANC) üzvü, N'Djamena Universitetinin professoru Çoua Ouçeimi AZƏRTAC-a müsahibəsində söyləyib.
Azərbaycanın pandemiyada digər dövlətlərə göstərdiyi tibbi dəstəkdən danışan iştirakçı deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə göstərdiyi xüsusi diqqət əvəzolunmazıdır. Fərqli dövlətlərin pandemiyadan sonrakı dövrdə inkişafı üçün bu Sammit olduqca vacibdir. Eyni zamanda qeyd etmək istərdim ki, ölkənizdə vaksinasiya sistemi ilə tanışam və bu qədər qısa müddətdə prosesin sürətli irəliləməsi digər dövlətlər üçün nümunəvi addımdır.
Azərbaycanda multikulturalizm siyasətinin geniş təbliği digər ölkələrlə münasibətdə mühüm rol oynayır. Bu Azərbaycan Prezidentinin siyasətinin əsas hissəsidir. Ölkənizin gələcək perspektivi üçün multikulturalizm siyasətinin vacib olduğunu düşünürəm”.