Cırtdan” II Bakı beynəlxalq kukla teatrları festivalı “Karlson” tamaşası ilə başa çatmışdır
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində “Karlson” tamaşası nümayiş olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bununla da Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Cırtdan” II Bakı Beynəlxalq kukla teatrları festivalına yekun vurulmuşdur.
Tamaşanın nümayişindən əvvəl Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Naidə İsmayılzadə, Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, münsiflər heyətinin üzvləri Aydın Talıblı və Şaiq Səfərov çıxış edərək Prezident İlham Əliyevin Azərbaycan teatrının inkişafına göstərdiyi diqqət və qayğıdan, son illər əsaslı təmir edilən teatr binalarında aktyorlar üçün yaradılmış yüksək iş şəraitindən söz açmışlar.
Bildirilmişdir ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilmiş bu festival təkcə şəhərimizin balaca sakinləri üçün deyil, eyni zamanda paytaxtımızın qonaqları, teatr sənətçiləri, peşəkar kuklaçılar üçün əsl hədiyyə olmuşdur.
Tədbirdə festivalda fəal çıxışlarına görə xarici teatr təmsilçilərinə, aktyorlara fəxri diplomlar təqdim olunmuşdur.
Sonra Azərbaycan Kukla Teatrı aktyorlarının ifasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Gürcüstan sənətçilərinin hazırladığı “Karlson” tamaşası nümayiş olunmuşdur. Astrid Lindqrenin eyniadlı povesti əsasında səhnələşdirilmiş tamaşanın rejissoru Elene Matsxonaşvili, rəssamı Vaxtanq Koridze, bəstəkarı Şalva Matsxonaşvilidir. Tamaşada baş rolları teatrın aparıcı aktyorları Rəhim Rəhimov, Elnur Abbasquluyev, Səriyyə Mansurova və başqaları ifa etmişlər.
Festival balaca tamaşaçıların alqışları ilə sona çatmışdır.