Coğrafiya və riyaziyyat fənləri üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri təhlil edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hər iki fənn üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.
İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib və təkliflər veriblər.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.