CON BOURN: AZƏRBAYCAN AVROPAYA UĞURLA İNTEQRASİYA EDİR
Palatanın sədri Namiq Nəsrullayev bildirmişdir ki, ser Con Bourn hazırda Böyük Britaniyanın ölkəmizdə səfərdə olan Milli Audit Ofisinin nümayəndə heyətinə başçılıq edir. O, audit sahəsində təkcə Böyük Britaniyada deyil, həm də dünyada məşhur mütəxəssis, sanballı söz sahibi və nüfuzlu xadimdir.
Sədr iki qurum arasında qarşılıqlı anlaşma barədə imzalanmış Memorandumu xatırladaraq, qeyd etmişdir ki, bu sənəddə iştirakçılar dövlət büdcəsi xərclərinin səmərəliliyi üzərində nəzarət metodologiyasının işlənib hazırlanması, texniki və peşəkar informasiya, həmçinin səlahiyyətləri çərçivəsində sənədlər və təcrübə mübadiləsi, qarşılıqlı səfərlər barədə razılığa gəlmişlər. İkitərəfli əməkdaşlıq, ali maliyyə nəzarəti orqanlarının beynəlxalq, o cümlədən Avropa təşkilatları çərçivəsində fəaliyyətin əlaqələndirilməsini inkişaf etdirmək niyyəti bəyan edilmişdir.
Con Bourn auditin səmərəliliyi və onun antikorrupsiya istiqaməti, inkişafda bu amillərin rolu barədə məruzə etmişdir. Qonaq vurğulamışdır ki, Azərbaycan Avropa ölkələri ailəsinə uğurlu inteqrasiya edir. Bu uğurlar, Avropa İttifaqı ölkələri ilə iqtisadi əməkdaşlıq sayəsində xüsusi maraq doğurur. Azərbaycanla aparıcı Avropa ölkələri, o cümlədən Böyük Britaniya arasında güclənən maliyyə axınları bu ölkələrin ali audit təsisatlarının qarşılıqlı əlaqələrini zəruriləşdirir.
Görüşdə cəmiyyətdə ali maliyyə nəzarətinin yeri və nüfuzu, cəmiyyətin inamının qazanılması, qarşılıqlı əlaqələrin inkişafı, dövlət vəsaitlərinin ictimai idarəedilməsində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə və digər məsələlərdən də söz açılmışdır.
Tədbirdən sonra Namiq Nəsrullayev və Con Bourn mətbuat konfransı keçirmiş, jurnalistlərin suallarına cavab vermişlər.