COVID-19 əleyhinə dərmanlar varmı və onlar nə dərəcədə səmərəlidir?
Bakı, 21 aprel, AZƏRTAC
COVID-19-un müalicəsi üçün vasitələr varmı, onlar nə dərəcədə səmərəli və təhlükəsizdir və hamı üçün əlçatandırmı? Bu və digər sualları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun eksperti Dina Pfayfer cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
- Müalicə vasitələri nə deməkdir və onlar COVID-19 ilə mübarizədə hansı rol oynayırlar?
- Onlar koronavirus infeksiyası olan pasiyentlərin müalicəsində tətbiq edilir və iki funksiyanı yerinə yetirirlər.
Bəzi preparatlar COVID-19-un ağır forması olan insanlarda xəstəliyin öskürək, yüksək hərarət, başağrısı kimi simptomlarını yüngülləşdirmək üçün nəzərdə tutulub.
Virus əleyhinə vasitələr kimi digər preparatlar virusun çoxalmasının və beləliklə, risk qruplarından olan insanlarda xəstəliyin daha ağır formasının inkişafının qarşısının alınması məqsədilə xəstəliyin erkən mərhələlərində tətbiq edilmək üçün nəzərdə tutulub. Vaxtında tətbiq edildiyi təqdirdə bu cür müalicə vasitələri xəstəxanaya yerləşdirmə ehtiyacını və bununla da səhiyyə sistemlərinə düşən yükü azalda bilər.
- COVID-19-a yoluxan pasiyentlər üçün müalicə vasitələri nə dərəcədə təhlükəsiz və effektivdir?
- Bütün yeni dərman preparatları sertifikatlaşdırmadan əvvəl klinik sınaqlar vasitəsilə təhlükəsizlik və effektivlik üzrə ətraflı testləşdirmədən keçir. Hazırda bu preparatların müəyyən vaxt ərzində kiçik qrup insanlara təsirinə dair çoxsaylı randomizə olunmuş tədqiqatlar aparılır, bundan sonra onlar, ola bilsin ki, geniş şəkildə tətbiq edilmək üçün təsdiq ediləcək. Bu cür tədqiqatların nəticələri gələcəkdə bu dərmanların nə vaxt və necə tətbiq ediləcəyi barədə tövsiyələrimizi müəyyən edəcək. Yeni dərmanların təhlükəsizliyinin monitorinqi ölkələrdə tənzimləyici orqanlar tərəfindən sertifikatlaşdırıldıqdan sonra da davam edir, bu isə istənilən nadir yan təsirləri aşkar etməyə imkan verir.
- ÜST müalicə vasitələrinə aid tövsiyələrini necə hazırlayır?
- Qlobal səviyyəli ekspertlər, təcrübəli mütəxəssislər və pasiyentlərin nümayəndələrinin daxil olduğu ÜST təlimatlarının hazırlanması Qrupu mütəmadi olaraq beynəlxalq klinik sınaqların məlumatlarını təhlil edir. Bunun əsasında qrup hər hansı ağırlıq dərəcəsi olan COVID-19 xəstələri üçün müalicə vasitələrinin tətbiq edilməsinə dair tövsiyələr verir. Dərc edilməzdən əvvəl bu tövsiyələri kollegial olaraq daha bir klinik mütəxəssislər qrupu və ÜST-nin tövsiyələrin icmalı üzrə xüsusi Komitəsi qiymətləndirir.
- Hazırda müalicə vasitələrinin hansı əsas növləri mövcuddur və onlar necə təsir edir?
- COVID-19-un müalicəsi üçün bir neçə terapevtik vasitə qrupu tətbiq edilir.
IL-6 reseptor bloklayıcıları və yanus-kinazanın inhibitorları monoklonal anticisimlərdir (yəni, laboratoriyada istehsal olunmuş eyni anticisim molekulları) ağır və ya kritik vəziyyətdə xəstələrdə orqanizmin infeksiyaya reaksiyası olan iltihab proseslərinə nəzarət etmək üçün istifadə olunur; onlar kortikosteroidlərlə birlikdə daxil edilir.
Virus əleyhinə preparatlar - virusun çoxalmasını dayandırmağa kömək edən dərmanlardır; maksimal effektivliyə nail olmaq üçün onları ilk simptomların peyda olunduğu və diaqnozun təsdiqlənməsi zaman, yəni ilk 5 gün ərzində tətbiq etmək lazımdır. Onlar, ilk növbədə, xəstəliyin ağır keçməsi ilə bağlı yüksək riskə məruz qalan insanların - misal üçün müəyyən xroniki xəstəlikləri olan pasiyentlərin müalicəsində tətbiq edilir.
Nəhayət virusa yapışan və onu immun sistemi üçün asanlıqla tanınan edən və bununla da onu zərərsizləşdirməyə kömək edən virusa qarşı monoklonal anticisimlər mövcuddur. Onlar risk altında olan xəstələrin, xüsusən də mövcud olan xəstəliklər və ya bu xəstəliklərin müalicəsinin effekti ilə əlaqədar vaksinasiyanın effektivsiz/mümkünsüz ola biləcəyi pasiyentlərin müalicəsi üçün xəstəliyin simptomlarının meydana gəlməsindən sonra 5 gün ərzində tətbiq edilir.
- Hazırda hansı müalicə vasitələri əlçatandır?
- Bəzi müalicə vasitələri, misal üçün kortikosteroidlər və IL-6 reseptor bloklayıcıları hələ pandemiyadan əvvəl də mövcud idi və digər xəstəlikləri müalicə etmək üçün tətbiq olunurdu. Virusa qarşı monoklonal anticisimlər 2020-ci ildə ortaya çıxıb və hazırda bir sıra ölkədə istifadə üçün sertifikatlaşdırılıb. Mövcud müalicə vasitələrindən bir çoxu müəyyən pasiyent qrupları üçün nəzərdə tutulub və çox vaxt onların təhlükəsizliyi və effektivliyi haqqında məlumatın toplanması məqsədilə, xüsusən də digər preparatlarla qarşılıqlı hərəkət və ya virusda dərman müqavimətinin formalaşması imkanı nöqteyi-nəzərdən xüsusi nəzarət protokollarına uyğun olaraq istifadə olunur.
- Müalicə vasitələri “omikron” variantına qarşı effektivdirmi?
- Bəzi monoklonal virus əleyhinə anticisimlər “omikron” variantına qarşı daha az effektivdir, çünki onlar ilkin olaraq virusun daha əvvəlki variantlarına əks təsirin göstərilməsi üçün yaradılıb.
Virus əleyhinə preparatlar, çox güman ki, “omikron” variantına qarşı da effektiv olacaq, baxmayaraq ki, bu zaman onların effektivliyinin monitorinqinin aparılması çox vacibdir. İltihab əleyhinə preparatlar həm “omikron” variantı, həm də virusun digər variantları səbəb olduğu xəstəliyin ağır hallarında eyni dərəcədə effektivdir.
- Virus əleyhinə preparatlar vaksinlərə alternativ kimi istifadə oluna bilərmi?
- Xeyr, profilaktika hər zaman müalicədən daha yaxşıdır. Hətta ən təhlükəsiz və effektiv virus əleyhinə preparatlar vaksinlərə alternativ ola bilməz. ÜST tərəfindən təsdiq edilmiş vaksinlər insanların əksəriyyətini xəstəliyin ağır forması və ölüm halından qoruya biləcək. Dərmanlar xəstələri müalicə etmək üçün lazımdır, lakin bununla belə ən yaxşısı ümumiyyətlə xəstəlikdən və onunla bağlı ağır vəziyyət risklərindən və sağlamlıq üçün mümkün olan uzunmüddətli fəsadlardan qaçmaqdır.
- Virus əleyhinə preparatlar pandemiyaya son qoya bilərmi?
- Virus əleyhinə preparatlar - SARS-Cov-2 virusu ilə mübarizə və icmalar və səhiyyə sistemləri üçün COVID-19 yükünün azalması üçün bizim ixtiyarımızda olan vasitələrdən biridir. Buna baxmayaraq, xəstəliyin ağır formasının qarşısının alınması üçün əsas üsul - vaksinasiyadır. Vaksinlərin paylanılması ilə olduğu kimi, bütün ölkələrin dərman vasitələrini tətbiq etməyə imkanı olması üçün onların ədalətli paylanmasını təmin etmək çox vacibdir.
- Müalicə vasitələri barədə ətraflı məlumatı harada axtarmaq daha yaxşı olardı?
- Bu və ya digər müalicə vasitələri barədə lazımi biliklərə, təcrübəyə və ən yeni məlumatlara malik olan ÜST kimi etibarlı mənbələrin informasiyalarından istifadə etmək çox vacibdir.