COVID-19 pandemiyası dövründə antibiotikə davamlı infeksiyalara yoluxma halı artıb
Bakı, 26 fevral, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə xəstəxanadaxili ikincili infeksiyalara rastgəlmə tezliyi artıb. Viral infeksiyalara görə stasionar müalicə alan xəstələrdə bir sıra bakterial və ya funqal infeksiyaların yarandığı müşahidə edilib. COVID-19 xəstəliyinə yoluxduqda ikincili bakterial və ya funqal infeksiyalar yatış əsnasında yarandığı halda, influenza və digər respirator xəstəliklər zamanı isə belə bakterial infeksiyaların daha çox hospitalizasiyadan əvvəl, məhz cəmiyyətdən qazanılmış olduğu aydın olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
“Çində aparılmış tədqiqatın nəticələrinə əsasən, COVID-19 virusuna yoluxanların 44 faizində ikincili infeksiyalara rast gəlinir. Belə infeksiyalara bakterial və ya funqal pnevmoniyalar, eləcə də qan və sidik yolları infeksiyaları daxildir. Tədqiqat nəticələri göstərir ki, xəstəxanadaxili infeksiyaların yaranmasına səbəb olan bir neçə amil var. Həmin səbəblərə xəstəxanalarda fiziki məsafənin darlığı, xəstələrin yaxın yerləşdirilməsi, hər xəstəyə bir neçə personalın xidmət göstərməsi, personalın yoluxma riskini azaltmaq üçün digər şöbələrdən dəstək alına bilməməsi, otaq və alət təmizliyi, tibbi avadanlıqların depolanması kimi əlavə işlərin də şöbə daxilindəki əməkdaşlara tapşırılması və s. aiddir. Nəzərə almaq lazımdır ki, belə çatışmazlıqlara səbəb də elə COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən karantin qaydalarıdır. Onu da qeyd etmək lazımdır ki, koronavirusla əlaqədar olaraq əksəriyyətin antibiotik qəbul etməsi pandemiya dövründə antibiotikə davamlı infeksiyaların artmasına səbəb olub. Bundan başqa, fərdi qoruyucu vasitələrindən yanlış istifadə “candida auris” epidemiyalarını da artırıb. Xəstəxanadaxili infeksiyalardan qorunmaq üçün gigiyenik qaydalara düzgün riayət etmək lazımdır”, - deyə N.Mustafayeva bildirib.