COVID-19-un yaratdığı psixoloji narahatlıq
Bakı, 1 mart, AZƏRTAC
Yorğunluq, ürəyin sürətlə döyünməsi, hərarət, boğaz və başağrısı yeni növ koronavirusun (COVID-19) “omikron” ştamının əsas əlamətləridir. Bəzi hallarda virusa yoluxmayanlar da özündə həmin əlamət olmasından narahat olurlar. Mütəxəssislərin fikrincə, bəzi insanlarda psixoloji olaraq “omikron” ştamının yalançı əlamətləri yarana bilər.
AZƏRTAC xəbər verir ki, psixoloq Roza Kazımlı deyib: “Bu cür problemlər əvvəldən də var idi. “Omikron” ştamı buna sadəcə bir təkan verdi. Bu cür insanlar nəinki “omikron” ştamından əziyyət çəkən, eyni zamanda, digər xəstəliklərin daimi olaraq axtarışındadırlar. Məsələn, başqalarında olan hansısa xəstəliyin ona keçməsindən, yanında qripə yoluxmuş adam olanda özünün də yoluxmağından şübhələnirlər. Bunların səbəbi kökündə yatan xroniki əlamətlərdir”.
İnsanlarda əsasən iki növ psixoloji vəziyyət - birincisi, pandemiya dövrünün doğurduğu həyəcan hissi, ikincisi, COVID-19-un insan beyninə təsiri ilə əlaqədar yaranan narahatlıqlar müşahidə olunur. “Heç bir problem yoxdursa, yanında hansısa xəstəlikdən danışanda əslində özündə həmin əlamətlər olmaya-olmaya dərhal həmin əlamətləri özündə hiss edənlər ilk növbədə psixiatra müraciət etməli, ehtiyac varsa medikomentoz müalicə almalıdır, çünki bu hallarda əsas narahatlıq doğuran düşüncələrdir. Digər bir çıxış yolu pandemiyanın yaratdığı psixoloji qorxunu idmanla məşğul olaraq, kitab oxumaq, musiqi dinləmək, filmə baxmaqla dəf etmək olar”, - deyə psixoloq bildirib.