CÜDO ÜZRƏ RESPUBLİKA ÇEMPİONATININ MÜKAFATÇILARI MÜƏYYƏN EDİLMİŞDİR
Ölkənin 52 komandasının heyətində çıxış edən 340 idmançı 3 gün müddətində respublikanın ən yaxşı cüdoçusu adı uğrunda tatami üzərində mübarizə aparmışdır.
Qadınlar arasında komanda birinciliyinin mükafatçıları bütün çəki kateqoriyalarında yarışların ilk günündə müəyyən edilmişdir. Kişilər arasında da bütün çəki dərəcələrində medal dəstləri öz sahiblərinə qismət olmuşdur.
Qaliblərin təltif edilməsi mərasimi keçirilmişdir. Respublika Cüdo Federasiyasının vitse-prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi Matvey Yelizarov, Olimpiya çempionu Elnur Məmmədli və iki dəfə paralimpiya çempionu İlham Zəkiyev çempionları təbrik etmişlər.
Yarışların ilk iki günündə İlqar Müftiyev (60 kq, “Neftçi”, Bakı), Namiq Sultanov (66 kq, “Atilla” klubu, Bakı), Orxan Dünyamalıyev (73 kq, “Neftçi”, Bakı) çempionatın qalibləri olmuşlar.
Sumqayıtın “Nəqşicahan” klubunun yetişdirməsi Murad Rəcəbli (81 kq), Bakının “Neftçi” komandasının nümayəndələri Sahim Qəhrəmanov (90 kq) və Elxan Məmmədov (100 kq), habelə Lənkəranın “Xəzər” klubunu təmsil edən ağır çəkili cüdoçu Fariz Ramizzadə qızıl medallara layiq görülmüşlər.
60 nəfər azərbaycanlı hakimin xidmət etdiyi çempionatda respublikanın 21 şəhər və rayonunun idman klubları və cüdoçulardan ibarət komandaları iştirak edirdi.