Dağətəyində yerləşən Sumağallı kəndinə içməli su xətti çəkilib
Bakı, 30 mart, AZƏRTAC
İsmayıllı rayonunun dağlıq ərazilərində yaşayan sakinləri içməli su problemi sarıdan korluq çəkirlər. Xüsusilə yay aylarında bu sahədə daha ciddi problem yaranır. Bunu nəzərə alan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə rayonun Sumağallı kəndində içməli su anbarının tikintisi və su ilə təchizatı həyata keçirilib.
Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaşayış məntəqəsindən 1,5 kilometr məsafədə yerləşən bulaqdan kənddə inşa edilmiş 100 tonluq su anbarına xətt çəkilib.
Su xəttinin açılışına həsr olunan tədbirdə sakinlər xeyirxah sosial layihəyə görə dövlət başçısına və bu sahədə əməyi olanlara minnətdarlıqlarını ifadə ediblər.