Daha 15 müəssisədən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan bəzi qida məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr nəticəsində 2021-ci il yanvarın 1-dən daha 15 müəssisədən - "Binə Aqro" QSC, "AQROSELL" MMC, "Bakı Aqropark" MMC, "EKO AQRO" MMC, "Zirə Aqrokompleks" MMC, "BQ AQRO" MMC, "Gözəl Təbiət" MMC, "AGRO ART" MMC, "AQRO-FAVORİT" MMC, "Binə İstixana Kompleksi" MMC, "SHAMKİR GREENHOUSE" MMC, "GREEN TECH" MMC, "BAKİNSKİ" MMC, "POZİTRON" MMC və Əhmədova Aida Cavad qızına məxsus müəssisələrdən Rusiyaya pomidor ixracına icazə verilib.
Hazırda Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə intensiv müzakirələr davam edir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 17 pomidor, 3 alma istehsalı müəssisəsindən də Rusiyaya məhsul ixracına icazə verilib. Bununla da ölkəmizdən Rusiya Federasiyasına pomidor ixracına icazə verilən müəssisələrin sayı 32-yə çatıb.