Daha bir musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib




Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi nəzdində fəaliyyət göstərən 34 nömrəli uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, idarənin rəisi Vuqar Zeynalov çıxış edərək aparılan təmir-bərpa işləri haqqında məlumat verib.
Bildirilib ki, 1985-ci ildən fəaliyyətə başlayan məktəb 16 sinif otağı, akt zalı, qəbul və direktor otağından ibarətdir. Aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi qurulub, kitabxana yaradılıb. Məktəbin fəaliyyəti üçün bütün avadanlıq və inventar təzələnib. Qeyd olunub ki, məktəbdə 16 ixtisas üzrə 300 nəfərə yaxın şagirdin təlim-tərbiyəsi ilə 77 müəllim məşğul olur.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət sahəsinin inkişafı sahəsində görülən işlərdən danışıb. Nazir qeyd edib ki, sona çatmaqda olan təqvim ili, digər sahələr kimi, mədəniyyət sahəsinin inkişafı üçün də uğurlu il oldu: “Mədəniyyət və turizm sahəsinin inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz onun apardığı siyasət nəticəsində ölkəmizdə mədəniyyət ocaqları təmir-bərpa olunub və yenidən qurulub. Bu da öz növbəsində həm əhaliyə göstərilən xidmətlərin səviyyəsinin artırılması, uşaqlarımızın daha yaxşı şəraitli məktəblərdə təhsil almaları, eləcə də müəllimlər üçün rahat iş yerləri deməkdir”.
Əbülfəs Qarayev vurğulayıb ki, Bakı şəhərində və ətraf qəsəbələrdə də mədəniyyət ocaqlarının, musiqi və incəsənət məktəblərinin şəraiti yaxşılaşdırılır. Bu yaxınlarda Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Maştağa Mədəniyyət mərkəzinin və Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin yeni binalarının açılış mərasimi keçirilib. Hazırda Şağanda və Qızıldaş qəsəbələrində yeni mədəniyyət müəssisələrinin inşası davam etdirilir. Yaxın aylarda həmin müəssisələrin açılışı planlaşdırılır.
Diqqətə çatdırılıb ki, nazirliyin strukturunda aparılan islahatlar nəticəsində 2017-ci ildə regional mədəniyyət və turizm idarələri fəaliyyətə başlayıb. Bununla da yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması istiqamətində uğurlu addım atılıb: “Bu islahatlar həm büdcə xərclərinin daha səmərəli istifadə olunmasına, eləcə də mədəniyyət müəssisələrinin effektiv çalışmasını təmin edəcək. Növbəti ildə müəllimlərin attestasiyası keçiriləcək. Beləliklə də musiqi və incəsənət təhsili sahəsində keyfiyyətin artırılmasını təmin etmiş olacağıq”.
Nazir onu da bildirib ki, bu il ərzində musiqi və incəsənət məktəblərində yoxlamalar aparılıb, işində nöqsanlara yol vermiş rəhbər şəxslər işdən kənarlaşdırılıb.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək rayonda aparılan tikinti-quruculuq işlərindən bəhs edib.
Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də rayonun abadlaşdırılması diqqət mərkəzində saxlanılıb.
Sonra qonaqlar təhsil ocağı ilə tanış olublar, dərs prosesinin gedişini izləyiblər.
Tədbir məktəbin akt zalında şagirdlərin ifasında təqdim edilən konsert proqramı ilə davam edib.