DAHA SÜRƏTLİ İNKİŞAF MƏQSƏDİ İLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR APARILIR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafına göstərdiyi xüsusi diqqət bölgələrdə kənd təsərrüfatının inkişafı üçün daha geniş perspektivlər açır. Belə bir şəraitdə İsmayıllı Rayon İcra Hakimiyyəti 2008-ci il üçün sosial-iqtisadi inkişafa dair tədbirlər planı hazırlamışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, planda daha çox kənd təsərrüfatı məhsulları istehsalının artımını və yeni emal müəssisələrinin açılmasını, aqrar sahəyə kredit artımını nəzərdə tutan tədbirlər üstünlük təşkil edir. Yaxın vaxtlarda rayonda 15 ton istehsal gücünə malik süd, 2 ton istehsal gücü olan ət emalı sexləri istifadəyə veriləcək, habelə mövcud konserv zavodu müasir texnoloji-texniki əsasda yenidən qurulacaqdır.
Rayonun Hacıhətəmli kəndindəki şərab emalı zavodu Avropa standartlarına uyğun yenidən qurulmuş, 2007-ci ildə 400 ton üzüm qəbul edilmişdir. İş adamları eyni zamanda yeni üzüm bağı salırlar. İndi İsamyıllıda plantasiyaların sahəsi 730 hektara çatdırılmışdır ki, bunun da 531 hektarı məhsuldar bağlardır.
Rayon ərazisində kənd təsərrüfatı məhsulları istehsalının və əhalinin məşğulluğunun artırılması üçün daha nələr etmək olar? Bu suala optimal cavab tapmaq üçün rayon icra hakimiyyəti aidiyyəti sahələrin mütəxəssisləri ilə məsləhətləşmələrə başlamışdır.
Bu günlərdə keçmiş kollektiv təsərrüfatların təcrübəli rəhbərləri, zootexniklər, aqronomlar, baytarlar, şərabçılar, texnoloqlar, aqrar sahənin iqtisadçıları, fermerlər, tanınmış iş adamları rayon icra hakimiyyətinə dəvət olunmuş, İsmayıllı şəraitində kənd təsərrüfatının inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə geniş müzakirələr aparılmışdır.
Rəhbərliklə sahə mütəxəssislərinin fikir mübadiləsi və məsləhətləşmələr rayonda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə imkan vermişdir. Bu əməkdaşlığın sistemli xarakter daşıması, nəticədə rayonda istər sənayenin, istərsə də kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi qərara alınmışdır.