DAHİ RƏHBƏRİN YUBİLEYİ GƏNCƏDƏ ÜMUMXALQ BAYRAMI İLƏ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Gəncənin mərkəzi meydanı böyük izdiham içərisində idi. Əllərində tər çiçək dəstələri tutmuş minlərlə şəhər sakini öz xilaskarının - ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə keçirilən el şənliklərinə toplaşmışdılar.
Hamının üzündən fərəh, sevinclə yanaşı minnətdarlıq ifadəsi də oxunurdu. Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Gəncənin sosial-iqtisadi inkişafına, onun sakinlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına daim diqqət və qayğı göstərən Heydər Əliyevin adı bu gün hər bir gəncəli tərəfindən böyük məhəbbətlə çəkilir. Mərasimə toplaşanların dilindən yalnız bir nida səslənirdi: nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır.
Şəhərin hakimiyyət orqanlarının nümayəndələri abidə önünə əklil qoyduqdan sonra ziyalılar, veteranlar, təhsil, səhiyyə, mədəniyyət idarələrinin nümayəndələri, idarə və müəssisələrin kollektivləri növbə ilə abidəyə yaxınlaşmış, önünə gül-çiçək dəstələri qoymaqla ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Bir neçə saat davam edən mərasimdən sonra şəhərin istirahət mərkəzlərində bayram konserti olmuşdur. İncəsənət ustalarının ifasında dahi rəhbərin şərəfinə mahnılar və şeirlər səsləndirilmişdir. Bütün gün davam edən yubiley şənliklərində gəncəlilər ümummilli liderimiz Heydər Əliyevə əsl xalq məhəbbəti ifadə etmişlər.