DAİRƏ SEÇKİ KOMİSSİYALARI KATİBLİKLƏRİNİN KARGÜZARLIĞA MƏSUL İŞÇİLƏRİ ÜÇÜN TRENİNQ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyulun 22-də Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzində dairə seçki komissiyaları katibliklərinin kargüzarlığa məsul əməkdaşları üçün Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın aşağı seçki komissiyalarının fəaliyyətində tətbiqi ilə əlaqədar treninq başlanmışdır.
MSK-nın katibi Natiq Məmmədov tədbirdə bildirmişdir ki, dairə seçki komissiyalarında kargüzarlığın aparılması işi ölkədə mövcud olan standartlara uyğunlaşdırılmalıdır. O, dairə seçki komissiyalarında kargüzarlığın aparılması ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən monitorinqin keçirildiyini xatırlatmış və bildirmişdir ki, sözügedən sahəyə məsul əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, onların maarifləndirilməsi MSK-nın vəzifəsidir.
DSK-ların katibliklərində çalışan əməkdaşların maarifləndirilməsi ilə bağlı MSK bundan əvvəl də həm beynəlxalq qurumlarla, həm də ayrıca maarifləndirmə xarakterli tədbirlər təşkil etmişdir. Bu treninq də aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədilə hazırlanmış proqramın tərkib hissəsidir. N.Məmmədov tədbir iştirakçılarına uğurlar arzulamışdır.
Sonra MSK katibliyi ümumi şöbəsinin müdiri Elşən Əsgərov “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın aşağı seçki komissiyalarının fəaliyyətində tətbiqi barədə”, katibliyin hüquq şöbəsinin böyük məsləhətçisi Emin Quliyev “Seçki komissiyalarının qərarlarının və iclas protokollarının tərtib edilməsi” mövzusunda məruzə ilə çıxış etmişlər.
Məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Treninq iyulun 24-dək davam etdiriləcəkdir.