İQTİSADİYYAT
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin yeni inzibatı binası istifadəyə veriləcək
Bakı, 30 avqust (AZƏRTAC). Sentyabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı (Beyləqan) ərazi idarəsinin yeni inzibatı binasının açılışı və ərazi idarəsində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Açıq qapı” günü keçiriləcək.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, “Açıq qapı” gününün təşkilinin məqsədi ictimaiyyəti və mətbuat nümayəndələrini həyata keçirilən daşınmaz əmlakın qeydiyyatı prosesi, müasir tələblərə cavab verən xidmət şəraiti ilə yaxından tanış etmək, qeydiyyatla bağlı hüquqi prosesləri əyani nümayiş etdirməkdir.
Eyni zamanda, həmin gün komitənin göstərdiyi mobil ofis xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə yeni alınmış avtonəqliyyat vasitələrinin təqdimatı və aidiyyəti qurumların iştirakı ilə daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi-maarifləndirmə tədbiri də təşkil olunacaq.