“DAŞINMAZ ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 7-də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) “Daşınmaz əmlakın qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
DƏDRX-nin rəisi Arif Qaraşov bildirmişdir ki, daşınmaz əmlakın qiymətləndirilməsi rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətlərindən biridir. Ötən dövr ərzində bu istiqamətdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir sıra işlər görülmüşdür. Xarici ölkələrin təcrübəsi öyrənilmiş, müvafiq metodologiyaların hazırlanması üzrə rəy və təkliflər ümumiləşdirilmişdir.
Daşınmaz əmlakın qiymətləndirilməsi sisteminin əhəmiyyəti barədə danışan A.Qaraşov vurğulamışdır ki, bu sistemin təkmilləşdirilməsinə dair metodologiyanın hazırlanması Azərbaycan hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış kredit sazişi əsasında həyata keçirilən “Daşınmaz əmlakın qeydiyyatı layihəsi”nin əsas komponentlərindən biridir.
Daşınmaz əmlakın qiymətləndirilməsi məqsədi ilə mükəmməl bir sistemin formalaşdırılması ölkəmizin iqtisadi həyatının digər sahələrinin inkişafı üçün də əhəmiyyətlidir, deyən DƏDRX-in rəisi diqqətə çatdırmışdır ki, daşınmaz əmlakın bazar dəyərinin müəyyənləşdirilməsi sistemi, ilk növbədə, əmlak vergisinin toplanması üçün vacibdir. Bu sistemin təkmilləşdirilməsi respublikamızda bələdiyyələrin inkişafına böyük təkan verəcəkdir.
Seminarda Milli Məclisin deputatı Xanhüseyn Kazımlının “Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsinin müasir vəziyyəti”, müstəqil ekspert Rəşad Əliyevin “Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi metodları”, litvalı müstəqil ekspert Albina Aleksinenin “Əmlakın kütləvi qiymətləndirilməsi: beynəlxalq və Litva təcrübəsi” mövzularında məruzələri maraqla dinlənilmişdir.
Natiqlər bildirmişlər ki, Azərbaycanda sosial-iqtisadi inkişaf meyilləri gücləndikcə cəmiyyət həyatında daşınmaz əmlakın rolu artır.Daşınmaz əmlak banklarla vətəndaşlar arasında qarşılıqlı etimadı təmin edən əsas vasitə kimi mövqeyini möhkəmləndirir, kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayan ipoteka kreditləşməsinin ilkin bazarı fəallaşır.
Seminarda vurğulanmışdır ki, “Daşınmaz əmlakın qeydiyyatı layihəsi” öz bəhrəsini verdikcə bələdiyyələr informasiya texnologiyalarının köməyi ilə xidmətin məlumat bazasına daxil olaraq daşınmaz əmlakın bazar qiyməti ilə bağlı dəqiq məlumatları əldə edəcəklər.
Çıxış edənlər diqqətə çatdırmışlar ki, “Daşınmaz əmlakın qeydiyyatı layihəsi” bu sahədə vəziyyətin müsbət mənada dəyişməsinə şərait yaradır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı alınan xidmət haqlarının hesablanması asanlaşacaq, xidmət haqlarının əmlakın həqiqi dəyərinə və faiz nisbətinə görə hesablanması mümkün olacaqdır.
Dövlət orqanları, beynəlxalq və yerli təşkilatların nümayəndələrinin iştirak etdikləri seminarda mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.