DAŞKƏNDDƏ REGİONAL ƏMƏKDAŞLIĞA DAİR KONFRANS KEÇİRİLMİŞDİR
Konfransda Mərkəzi Asiya regional İqtisadi Əməkdaşlıq proqramının üzvü olan ölkələr, Azərbaycan, Çin Xalq Respublikası, Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan nümayəndə heyətləri, habelə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının təmsilçiləri iştirak etmişlər.
Azərbaycanı bu konfransda İqtisadi İnkişaf Nazirliyi Beynəlxalq İqtisadi Əməkdaşlıq departamenti direktorunun müavini Elşən Məmmədzadə, Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat departamentinin rəisi Faiq Ələkbərov və Energetika Nazirliyi iqtisadi tənzimləmə şöbəsinin baş mütəxəssisi İlqar Seyfullayev təmsil etmişlər.
Özbəkistanın baş nazirinin müavini Rüstəm Əzimov, Asiya İnkişaf Bankının prezidenti Tadao Çino və başqaları çıxışlarında bu konfransın regional əməkdaşlığın genişləndirilməsi üçün yaxşı nümunə olduğunu qeyd etmişlər.
Tədbirdə 2002-ci ildə Manilada keçirilmiş birinci konfransdan sonrakı dövrdə baş vermiş dəyişikliklər, o cümlədən regional əməkdaşlıq, donor fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur. Energetika sahəsinə və regional səviyyədə ticarətin inkişaf etdirilməsi problemlərinə də xüsusi diqqət yetirilmişdir.
Nümayəndə heyətimizin başçısı Elşən Məmmədzadə Azərbaycanda iqtisadi vəziyyət, özəlləşdirmə, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqəsi, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlığı və bir sıra digər məsələlər haqqında məlumat vermişdir.
Konfransın sonunda birgə bəyannamə qəbul olunmuşdur.