Daşkənddəki mediaforumda Azərbaycan da təmsil olunub
Daşkənd, 29 noyabr, АZƏRTAC
Daşkənddə Respublika Elektron KİV Milli Assosiasiyasının (MA) təşəbbüsü ilə “Özbəkistanın mədəni irsi” çərçivəsində “Zamanın ayrıcında: keçmişin zəngin irsi mədəni gələcəyin təməlidir” adlı mediaforum keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın bir çox ölkələrindən gələn tarixçi alimlər, etnoqraflar, şərqşünaslar və ekspertlər iştirak edib.
Layihənin rəhbəri və müəllifi Özbəkistanın Əməkdar Jurnalisti Firdavs Abduxalikov, elmi rəhbəri isə akademik Edvard Rtveladzedir.
Konfransda səfirliyimizin birinci katibi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak edib.
Tədbirdə məlumat verilib ki, bu layihənin məqsədi dünyanın müxtəlif ölkələrinin muzeylərində və şəxsi kolleksiyalarda qorunan Özbəkistanın mədəni irs nümunələrini çap etmək və alimlərə, tədqiqatçılara çatdırmaqdır.
Qeyd edilib ki, bundan əvvəl bu layihə çərçivəsində Moskvadakı Dövlət Şərq Muzeyi, Rusiya Etnoqrafiya Muzeyi, Dövlət Tretyakov Qalereyası və Savitski Muzeyində qorunan Özbəkistan mədəni irsi ilə bağlı eksponatlardan ibarət beş kitab-albom buraxılıb.
Bu gün isə MA Rusiyanın Qlinka adına Muzeyi, Ermitaj, Dövlət Tarix Muzeyi, Ümumrusiya Tətbiqi Sənət və Xalq Sənəti Muzeyində musiqi alətlərini və not yazılarını, tətbiqi sənət nümunələrini, yazılı abidələrini əks etdirən daha beş kitab-albomu təqdim edib.
Deyilib ki, bu kitablar dünyanın 49 ölkəsinin 136 muzey və kitabxanalarına göndəriləcək. Bildirilib ki, buraxılan 10 kitab-albom Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasına da göndəriləcək. Bununla bağlı sertifikat Samir Abbasova təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd