Daşkəsəndə ərzaq mağazalarında satışı həyata keçirilən saxta alkoqollu içkilər aşkarlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Daşkəsən rayonunda H.Əliyev prospektində fiziki şəxs Bayramov Asəf Əliş oğluna məxsus “Elyar” marketdə və Bayramov Heydər Binnət oğluna məxsus ərzaq mağazasında reyd keçirilib.
Reyd zamanı hər iki ictimai iaşə müəssisəsində aşkar saxtalaşdırma əlamətləri olan 10 ədəd 0.5 litrlik, 9 ədəd 0,7 litrlik və 3 ədəd 1 litrlik “Organic Line” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.
Araşdırma zamanı məhsulların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Belə ki, qanunsuz olaraq təkrar spirtli içkilərin butulkalarından istifadə edildiyi, fərqli miqdarda doldurulduğu, şüşə butulkaların qapaqlarında “O” və “L” hərflərinin qeyd olunmadığı, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi məlum olub.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq alkoqollu içkilərin satışı dayandırılıb və məhsullar möhürlənərək saxlanca qoyulub.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Araşdırmalar davam etdirilir.