Daşkəsəndə şəhid Sərxan Məmmədovun adına bulaq-xatirə kompleksi açılıb
Daşkəsən, 4 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Noyabrın 4-də Daşkəsən rayon Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları şəhid əsgər Sərxan Məmmədovun məzarına gül dəstələri düzərək xatirəsini yad edib, ruhuna dualar oxuyublar.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin ailəsinə başsağlığı verib.
Sonra şəhid Sərxan Məmmədovun Pirverdilər kəndində xatirəsinə inşa edilən bulaq-xatirə kompleksinin rayon ictimaiyyətinin iştirakı ilə açılışı olub. Bulaq-xatirə kompleksi şəhidin atası Sahil Məmmədovun təşəbbüsü və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilib.
Daşkəsən rayon Pirverdilər kənd ümumi orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.
Sərxan Məmmədov 2001-ci il mayın 9-da Daşkəsən rayon Pirverdilər kəndində anadan olub. O, 2019-cu ilin iyul ayında hərbi xidmətə gedib. Vətən müharibəsində şücaəti ilə seçilib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib. Sərxan Məmmədov 2020-ci il noyabrın 3-də Daşaltı istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 4-də Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.