Daşkəsənin Xoşbulaq kəndində içməli su təchizatı yaxşılaşdırılıb
Daşkəsən, 11 iyun, AZƏRTAC
Daşkəsən rayonunun Xoşbulaq kəndində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin tikintisi” layihəsi icra olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi Daşkəsən rayonunun Xoşbulaq kəndində içməli su təchizatı obyektinin (su toplama nöqtəsi (1 ədəd), su anbarı (1 ədəd), su borusu (6,148 metr), 3 paylayıcı, 4 bulaq (tap-stand) ilə təmin olunmuş su sisteminin inşa edilməsi, kəndin su sisteminin vəziyyətinin yaxşılaşdırılması ilə yerli əhalinin gündəlik həyat və gigiyenik şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır.
İnşa olunan su sisteminin 4 bulağından ikisi kəndin tibb məntəqəsi və məktəb ərazisində yerləşdirilib.
Tikilən su təchizatı sisteminin dayanıqlı idarə edilməsi Xoşbulaq kənd bələdiyyəsinə həvalə olunub.
Yaponiya hökuməti bu layihənin inşası, avadanlıqların alınması və texniki dəstək üçün 85,821 ABŞ dolları məbləğində qrant ayırıb.