Data Mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək
Bakı, 2 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "AzİnTelecom” MMC tərəfindən inşa edilən Data Mərkəz yaxın vaxtlarda istifadəyə veriləcək. Data Mərkəz Qafqaz regionunda ilk sertifikatlaşdırılmış mərkəz olaraq uğurlu test sınaqlarından keçib. Hazırda bir sıra böyük yerli və xarici şirkətlər Data Mərkəzə informasiya texnologiyaları infrastrukturlarının yerləşdirilməsində maraqlıdırlar və bu istiqamətdə danışıqlar aparılır.
AZƏRTAC xəbər verir ki, "AzİnTelecom” MMC-nin Şəbəkə Texnologiyaları şöbəsinin rəisi Füzuli Məlikovun sözlərinə görə, sifarişçilər arasında bölüşdürüləcək resurslar artıq planlaşdırılıb. Məlumat emalı mərkəzi ümumi sahəsi 1000 kvadratmetr, kollokasiya sahəsi 462 kvadratmetr olan sahədə yaradılıb. Server rəflərinin sayı 56 ədəd, massivin həcmi 30 petabayt, verilənlərin ötürülmə sürəti saniyədə 10-100 GbE təşkil edir. Tələbatdan asılı olaraq, gələcəkdə Data Mərkəzin gücünün artırılması nəzərdə tutulur.
F.Məlikov bildirib ki, mərkəzdə bütün istehlakçıların məlumatları - ən sadə məlumatdan daha mürəkkəbinə qədər, məlumatların həcmi və kateqoriyasından asılı olmayaraq, eyni dərəcədə - yüksək səviyyədə mühafizə ediləcək. Ehtiyatlılığın təmin edilməsindən başqa, biometrik nəzarət sistemindən başlayaraq təhlükəsizlik sensorları və fiziki nəzarət sensorları daxil olmaqla altı pilləli təhlükəsizlik sistemi təmin olunacaq.
Qeyd olunub ki, Azərbaycan qanunvericiliyinin məlumatların qorunması ilə ciddi tələbləri sayəsində müştərilərə məlumatların toxunulmazlığına dair tam zəmanət verilir. Nəzarət sistemi və serverlərin idarə edilməsi 3 növbəli iş rejimi 7/24 olmaqla bütün sutkanı əhatə edəcək.
Data Mərkəzin resurslarından telefon operatorları, maliyyə təşkilatları, kiçik və orta sahibkarlıq subyektləri və eləcə də müxtəlif təşkilatlar informasiyanın qorunması və saxlanması üçün istifadə edə bilərlər. Emal prosesində hər hansı bir məlumatın sızmaması, ümumilikdə kənar müdaxilələrdən qorunmasının vacibliyi isə öz növbəsində informasiya təhlükəsizliyi məsələsinə diqqətin artırılmasını aktuallaşdırır. Bu baxımdan, Mərkəz Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) məhz Data Mərkəzlər üçün müəyyən etdiyi İSO/İEC-27001 informasiya təhlükəsizliyi standartına cavab verməlidir. Bu istiqamətdə də müvafiq təşkilatla işlər davam etdirilir.
Regional Data Mərkəz bütün dünya operatorlarının Azərbaycan bazarına cəlb olunmasına xidmət edəcək və dünya üzrə iri informasiya texnologiyaları xidmətləri provayderlərinin bu Data Mərkəzdə öz infrastrukturunun yaradılmasına müsbət təsir edəcək. Bu layihə informasiya-kommunikasiya texnologiyaları sahəsində güclü infrastrukturun qurulmasına yönəlib. Bundan başqa Data Mərkəzin yaradılması yeni iş yerlərinin açılmasına imkan verəcək.