“Davam” Gənclər Hərəkatı Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edib
Bakı, 27 oktyabr, AZƏRTAC
“Davam” Gənclər Hərəkatının nəzdində fəaliyyət göstərən “Davam” Mədəniyyət Klubunun təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə musiqi dünyamızın görkəmli nümayəndəsi Müslüm Maqomayevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub. Konsertdə “Davam” Gənclər Hərəkatının katibliyi və 100-dən çox üzvü iştirak edib.
Hərəkatdan AZƏRTAC-a bildiriblər ki, konsertdən əvvəl “Davam” Mədəniyyət Klubunun fəal üzvü Nadir Səlimovun truba ilə ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra klubun üzvləri Kamal Axundovun və Sübhan Hüseynlinin ifasında Müslüm Maqomayevin unudulmaz səsi ilə yadda qalan mahnılar səsləndirilib. Proqram müddətində ifalar arasında böyük sənətkarın həyat və yaradıcılığından bəhs edən müxtəlif videoçarxlar nümayiş olunub.
Konsertin sonunda “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev gözəl təşkilatçılığa görə gənclərə minnətdarlıqlarını bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.