DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ GENİŞ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 30-da Daxili İşlər Nazirliyində “Yol hərəkəti təhlükəsizliyinin təmini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işlər”ə, habelə “Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyəti”nə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iclası açaraq bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan hüquqi, demokratik, sosial-iqtisadi islahatlar respublikamızın inkişafına, xüsusilə də əhalinin rifah halının yaxşılaşmasına geniş imkanlar yaratmış və bu, öz müsbət təsirini hüquq mühafizə siyasətinin uğurla həyata keçirilməsində, eyni zamanda, daxili işlər orqanlarının fəaliyyətində göstərmiş, cəmiyyətimizdə dönməz sabitlik formalaşmışdır.
General-polkovnik Ramil Usubov Azərbaycanda demokratik prinsiplərə, hüququn aliliyinə söykənən cəmiyyətin formalaşdığını, onun regionda lider dövlətə çevrildiyini bildirmiş və dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi fikri bir daha diqqətə çatdırmışdır ki, bütün bu uğurların qazanılmasında başlıca amillərdən biri dayanıqlı sabitlik, əmin-amanlıq, əlverişli kriminogen durumdur. Bu işin də əsas yükü, heç şübhəsiz ki, polis orqanlarının üzərinə düşür.
Nazir kollegiya iclasının müzakirəsinə çıxarılmış hər iki məsələnin günün tələbləri baxımından aktual olduğunu və daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişdir.
Gündəlikdəki birinci məsələ - “Yol hərəkəti təhlükəsizliyinin təmini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması sahəsində görülən işlər” barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov çıxış etmişdir. O demişdir ki, avtomobil parkının sürətlə genişləndiyi müasir dövrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmini, insanların həyat və sağlamlığının avtomobillərin zərərli təsirlərindən müdafiəsi - yol hərəkəti sistemində dövlətin prioritet vəzifələrinə aid edilməklə ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. Bu baxımdan, həmin sahəni idarəetmədə dövlət səviyyəsində bir sıra islahatlar aparılmış, yeni normativ - hüquqi baza formalaşdırılmış, bazar iqtisadiyyatının tələblərinə cavab verən məqsədyönlü işlər görülmüşdür.
Bildirilmişdir ki, hazırda respublika üzrə qeydiyyatda olan avtomobillərin ümumi sayı 800 mini ötmüşdür ki, bu da 1993-cü ilin göstəricisindən təxminən 2,5 dəfə çoxdur. Əgər 1992-1993-cü illərdə respublikada orta hesabla hər 22 nəfərə 1 avtomobil düşürdüsə, indi bu rəqəm 11-in 1-ə nisbətindədir.
Xüsusilə qeyd olunmuşdur ki, ölkə və DİN rəhbərliyinin diqqət və tələbkarlığı sayəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər yol hərəkəti təhlükəsizliyinin təmini işinin təşkilinə öz müsbət təsirini göstərmişdir. Lakin 2002-ci ildən başlayaraq nəqliyyatın sayının sürətli artımı hadisələrin, onların nəticəsində ölən və yaralananların sayının ilbəil çoxalmasına gətirib çıxarmışdır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin 2007-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetindəki müşavirədə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tapşırıqları rəhbər tutularaq ötən müddətdə “avtoxuliqan”lıq edən 1876 sürücü, şüşələrinə pərdə və plyonka çəkilmiş 43.300-ə yaxın avtomobil aşkarlanmışdır (o cümlədən cari ildə 276 və 215).
2007-ci ildə yol polisi əməkdaşları tərəfindən 911 mindən artıq yol hərəkəti qaydalarının pozulması, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 22 min, sürət həddinin aşılması üzrə 163 min fakt müəyyən olunmuşdur. Dayanma-durma qaydalarının pozulmasına görə 18 mindən artıq sürücü inzibati məsuliyyətə cəlb edilmiş, 9 minə yaxın avtomobil xüsusi dayanacaqlara evakuasiya olunmuşdur. 2006-cı illə müqayisədə aşkar edilmiş qayda pozuntularının sayı 167 min, yəni 22,4 faiz artmış, yol hərəkəti qaydalarının pozulması faktlarının aşkarlanması respublika üzrə 3,2, Bakı şəhərində isə 5,1 olmaqla əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəlmişdir.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi əldə olunmuş müsbət nəticələrlə yanaşı, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində nöqsanların olduğunu da qeyd etmişdir.
Birinci məsələ ilə əlaqədar həmməruzəçi kimi çıxış edən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev bildirmişdir ki, ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olan, nəticə etibarilə insanların sağlamlığına zərər vurulması və ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və açılması daxili işlər orqanlarının istintaq, yol polisi, əməliyyat-axtarış aparatları və digər xidmətləri arasında qarşılıqlı əlaqənin düzgün təşkilini və daha da təkmilləşdirilməsini tələb edir.
Bildirilmişdir ki, 2007-ci ildə yol-nəqliyyat hadisələri üzrə başlanmış 1505 cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilmişdir. 440 cinayət işi, o cümlədən 206 iş təqsirləndirilən şəxs qismində cəlb edilməli olanın həlak olduğuna, 223 iş əməldə cinayət tərkibi olmadığına görə, 11 iş isə digər əsaslarla xitam edilmişdir. 2008-ci ilin ötən dövründə isə yol-nəqliyyat hadisələri ilə bağlı 466, o cümlədən ötən ildən bağlı qalmış 1 cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilmiş, 67 işin icraatına xitam verilmişdir. Bu işlərdən 46-sı təqsirləndirilən şəxs həlak olduğuna, 18-i əməldə cinayət tərkibi olmadığına görə, 3-ü isə digər əsaslarla xitam edilmişdir.
Qeyd edilmişdir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmasının göstəriciləri əvvəlki hesabat dövrü ilə müqayisədə 2007-ci ildə 6,5 faiz yaxşılaşaraq 94,8 faiz (2006-cı ildə 88,3 faiz), cari ilin birinci rübündə isə 3,7 faiz artaraq 92,2 faiz (2007-ci ilin birinci rübündə 88,5 faiz) təşkil etmişdir.
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis polkovniki Ərziman Əliyev “Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyəti” haqqında məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi prosesini sürətləndirmək üçün şəhər, rayon polis orqanları tərəfindən bir çox yaşayış məntəqələri üzrə tərkibində tibb işçisi, fotoqraf olan səyyar qruplar təşkil edilərək sahə inspektorları ilə birlikdə kənd və qəsəbələrə göndərilmişdir. Nəticədə xəstə, yaşlı və mərkəzdən uzaqda yaşayan minlərlə vətəndaşa şəxsiyyət vəsiqələri verilmişdir. Keçirilən təxirəsalınmaz tədbirlərlə bu ilin may ayının sonunadək 30 min 881 nəfərdən şəxsiyyəti təsdiq edən köhnə nümunəli sənədlər yığılaraq onlara şəxsiyyət vəsiqəsi verilmişdir.
Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində islahatların başlandığı 2001-ci il sentyabrın 13-dən ötən müddət ərzində ölkə əhalisinin 6 milyon 537 min 763 nəfərinə şəxsiyyət vəsiqələri verilmişdir. Cari ilin may ayına olan müddətə 16 yaşından yuxarı əhalinin 97,4 faizi şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmuşdur.
Baş idarənin rəisi görülmüş müsbət işlərlə yanaşı, bəzi şəhər, rayon polis idarə və şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmtlərinin fəaliyyətində ciddi nöqsanların, habelə qanun pozuntularının da mövcud olduğunu qeyd edərək onların aradan qaldırılması üçün lazımi tədbirlər görüldüyünü bildirmişdir.
Müzakirələrdə çıxış edən bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri görülmüş işlər barədə məlumat vermiş, mövcud nöqsanların qısa müddətdə aradan qaldırılacağına söz vermişlər.
Kollegiya iclasına yekun vuran nazir Ramil Usubov qeyd etmişdir ki, dövlət yol polisi əhali ilə bilavasitə gündəlik təmasda olan, nəqliyyatın və piyadaların hərəkətini nizamlayan, yol hərəkəti qaydalarına nəzarəti həyata keçirən və yol hərəkəti təhlükəsizliyini təmin edən bir xidmət sahəsidir. Bu qurumun qanunla müəyyən edilmiş vəzifə, funksiya və səlahiyyətlərinin icrasının müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, fəaliyyətinin günün tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla daha səmərəli təşkili, qarşıya çıxan problemlərin həll edilməsi daim nazirliyin rəhbərliyinin nəzarətindədir. Nazir eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin, ərazi polis orqanlarının və aidiyyatı qurumların rəislərindən öz üzərlərinə düşən vəzifələrin məsuliyyətini dərk etməyi, müzakirələrdən ciddi nəticə çıxarmağı, mənfi halların qarşısının alınması üçün kəsərli tədbirlərin görülməsini tələb etmişdir.
Müzakirə olunan ikinci məsələyə münasibət bildirən nazir R.Usubov demişdir ki, təxminən 4 aydan sonra ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir. Seçkilərə hazırlıq dövründə daxili işlər orqanlarının qarşısında duran əsas vəzifələrdən biri də əhalinin şəxsiyyəti təsdiq edən sənədlərlə tam təmin edilməsidir. Seçki hüququ olan vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının sürətləndirilməsi üçün bu işə qeydiyyat və şəxsiyyət vəsiqəsi strukturları ilə bərabər, digər xidmət sahələrinin əməkdaşları da cəlb edilməlidir. Qarşıdan gələn prezident seçkiləri gününədək 18 yaşı tamam olacaq gənclərin şəxsiyyəti təsdiq edən sənədlərlə təmini işi gündəlik nəzarətdə saxlanılmalıdır. Yerli polis orqanlarının rəhbərlərindən tələb edilmişdir ki, səsvermə hüququna malik, habelə ölkədə qeydiyyatda olmaqla respublikanın hüdudlarından kənarda yaşayan vətəndaşların, eləcə də son vaxtlar qeydiyyatdan çıxaraq müvəqqəti yaşamaq və işləmək üçün digər ölkələrə gedən şəxslərin siyahıları hazırlanaraq DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə təqdim olunmalıdır.
Daxili işlər naziri ərazi polis orqanlarının rəhbərlərindən xidməti fəaliyyətdə yol verilmiş nöqsanların dərindən təhlil edilməsini, onların tezliklə aradan qaldırılması üçün əlavə tədbirlər müəyyən edilib həyata keçirilməsini tələb etmişdir.
Nazir Ramil Usubov ölkəmizin Prezidenti, Ali baş komandan İlham Əliyevin respublika daxili işlər orqanlarına hər zaman yuksək diqqət və qayğı, eyni zamanda tələbkarlıq göstərdiyini diqqətə çatdırmış və cinayətkarlıqla uğurlu mübarizə, ictimai asayişin nümunəvi təmini üçün şəxsi heyətin böyük potensiala malik olduğunu vurğulamışdır. Nazir general-polkovnik R.Usubov ölkəmizin başçısı İlham Əliyevi əmin etmişdir ki, qarşıda duran məsul vəzifələr bundan sonra da layiqincə yerinə yetiriləcək, şəxsi heyət ilin birinci yarısını daha yüksək göstəricilərlə başa vuracaq, etimadı doğrultmağa çalışacaqdır.
######
