“DƏMİR İPƏK YOLU” ARTIQ REALLIĞA ÇEVRİLİR
İyulun 25-də ABŞ-ın Ceyms Taun Fondunun “Avrasiya gündəlik monitor” elektron nəşrinin saytında şərhçi V.Sokorun “Dəmir İpək yolu” artıq reallığa çevrilir” sərlövhəli məqaləsi verilmişdir. AZƏRTAC həmin məqaləni müəyyən ixtisarla təqdim edir.
Müəllif xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Türkiyə Prezidenti Abdullah Gül iyulun 24-də Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsinin tikintisinin təməlqoyma mərasimində iştirak etmişlər.
Qitələrarası əhəmiyyətə malik olan bu layihə Avropanı və Asiyanı Cənubi Qafqaz vasitəsilə bir-birinə bağlayacaqdır. “Dəmir İpək yolu” həmin üç ölkənin səyləri nəticəsində tikilir.
Regionun nəhəng enerji layihələrində olduğu kimi, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılmasında da lokomotiv rolunu oynayır. Son illər strateji layihələrə sərmayə yatıran Bakı, dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin maliyyələşdirilməsini öz öhdəsinə götürmüşdür. Avropa İttifaqı, beynəlxalq maliyyə təsisatları boyun qaçırandan sonra Azərbaycan bu layihəni, demək olar ki, xilas etdi. Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım mərasimdə bunu xüsusi vurğulamışdır: “Əgər Azərbaycan Prezidenti İlham Əliyev qətiyyət göstərməsəydi, bu layihənin gerçəkləşməsi qeyri-mümkün olardı. Gürcüstan hissəsinin maliyyələşdirilməsinə dair Azərbaycanın qərarı bu layihənin həyata keçirilməsində ən vacib addım idi”.
Məqalədə bildirilir ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 105 kilometr yeni dəmir yolu çəkiləcəkdir. Bunun 76 kilometri Türkiyənin, 29 kilometri Gürcüstanın ərazisinə düşür. Bundan əlavə, Gürcüstan tərəfi 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi yolunu yenidən quracaqdır. Layihə müvafiq infrastrukturlarla birlikdə 600 milyon dollar dəyərində qiymətləndirilir. Azərbaycan Beynəlxalq Bankı tikintiyə olduqca güzəştli şərtlərlə, 25 il müddətinə illik 1 faiz olmaqla, 200 milyon dollar kredit ayırmışdır. Gürcüstan dövləti bu məbləği dəmir yolunun öz ərazisindən keçən hissəsinin istifadəsindən əldə edəcəyi gəlirlər hesabına ödəyəcəkdir.
Azərbaycan, Gürcüstan və Türkiyə 2007-ci ilin fevralında BTQ layihəsinə dair hökumətlərarası müqavilə imzalamışdır. Layihənin Gürcüstan hissəsində tikinti işlərinə 2007-ci ilin noyabr ayında start verilmişdir. Tikintiyə Azərbaycanın “Azərinşaat Servis” şirkəti rəhbərlik edir.
İyulun 24-də Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlqoyma mərasimindəki nitqində Gürcüstan Prezidenti Mixeil Saakaşvili xüsusi vurğulamışdır ki, hazırkı şəraitdə Azərbaycan Respublikası Gürcüstanın müstəqilliyinin təminatçısı rolunu oynayır. Saakaşvili bildirmişdir ki, 2006-cı ilin yanvar-fevral aylarında - Rusiyanın blokadası dövründə Gürcüstanı aşağı qiymətə qazla təchiz edən Azərbaycan, indi də dəmir yolunu maliyyələşdirməklə bir daha Gürcüstana böyük yardım etmiş oldu. Gürcü xalqı bunu heç zaman unutmayacaqdır.
Dəmir yolunun tikintisinin 2011-ci ildə başa çatması planlaşdırılır. İstifadəyə veriləndən sonrakı ilk üç ildə hər il bu yolla 1,5 milyon sərnişin və 6,5 milyon ton yük daşınması gözlənilir. 2015-ci ilə qədər sərnişinlərin sayının 3 milyon nəfərə və yüklərin həcminin 15 milyon tona çatacağı proqnozlaşdırılır.
Məqalədə deyilir ki, Xəzərin şərq sahilində yerləşən Qazaxıstan da BTQ dəmir yolunun Bakıdakı terminalına qoşulmağa maraq göstərir. BTQ dəmir yolu Qazaxıstana, ilk dəfə olaraq, Avropa İttifaqı ərazisinə birbaşa çıxış imkanı yaradır. Qazaxıstan taxıl da daxil olmaqla, Avropaya ixrac etdiyi məhsulların həcmini artırmaq niyyətindədir. Bu baxımdan BTQ Qazaxıstan üçün olduqca əlverişlidir.
Ermənistanın bu layihədən kənarda qalması ilə bağlı məsələyə gəldikdə, Türkiyə Prezidenti Abdullah Gül bildirmişdir ki, regionda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olan dövlətlər, hər şeydən əvvəl, qonşu ölkələrin ərazi bütövlüyünə hörmət etməlidir. Bu diplomatik cavab Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasına dair irəli sürülən təkliflərə mesaj kimi də qəbul oluna bilər.
Bu, faktdır ki, Yerevan BTQ layihəsinin gercəkləşməsinin qəti əleyhdarı olmuş, hətta Amerika Birləşmiş Ştatlarındakı və Avropadakı himayədarları ilə layihənin beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilməsinə mane olmaq üçün gərgin iş aparmışdır. Yerevan ümid edirdi ki, marşrutu dəyişdirərək, BTQ xəttini Qarsdan Gümrüyə yönəldə biləcəkdir. Qeyd edək ki, bunun heç bir iqtisadi əhəmiyyəti olmayacaqdı. Çünki mövcud Qars-Gümrü xətti (Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına görə Türkiyənin bağladığı dəmir yolu) yalnız dar çərçivədə maraq kəsb edir. Ermənistan və onun Qərbdəki müttəfiqləri bundan bir qədər öncə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə qarşı çıxmış və yenə də uğursuzluqla üzləşmişdilər. BTQ sayəsində Azərbaycan və Türkiyə, ilk dəfə olaraq, dəmir yolu vasitəsilə bir-birinə birbaşa bağlanır. Bundan əlavə, Bakı və Ankara Naxçıvanı Türkiyənin dəmir yolu sisteminə qoşmaq fikirindədir. Bu məsələ Prezident İlham Əliyev ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Naxçıvandakı görüşündə müzakirə olunmuş və razılıq əldə edilmişdir. İyulun 21-də isə “Turan Air” şirkəti Heydər Əliyev adına beynəlxalq hava limanından Qarsa birbaşa təyyarə reysinin açılışını təntənəli surətdə qeyd etmişdir.
Məqalə bu sözlərlə bitir: “Avropa və Mərkəzi Asiyanı birləşdirən Azərbaycan, Gürcüstan və Türkiyə ümumi iqtisadi region yaradaraq, böyük layihələrə imza atırlar”.