İQTİSADİYYAT
Dəmir yolunda "Sağlamlıq günü" keçirilib
Bakı, 14 mart, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində (QSC) Novruz bayramı münasibətilə "Sağlamlıq günü" keçirilib.
QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas mahiyyəti dəmiryolçuları işindən ayrılmamaq şərtilə, onlara profilaktik baxışların keçirilməsidir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən müəyyən olunmuş Tədbirlər Planına əsasən, dəmiryolçuların tibbi müayinəsi aparılır, onların sağlamlıq durumları barədə müvafiq məsləhətlər verilir, zərurət yarandıqda pasiyentlərə stasionar və ya ambulator şəraitdə daha ətraflı müayinə və müalicə aparılmaları tövsiyə olunur. Mütəmadi keçirilən "Sağlamlıq günü" tədbirləri də görülən işlərin tərkib hissəsidir.
Eyni zamanda, qatarların hərəkəti ilə bağlı işçilərin ilkin və dövri tibbi müayinəsi, peşə xəstəliklərinin profilaktikası, eləcə də tibb məntəqələrində reysqabağı tibbi baxışlar da həyata keçirilir.
Tədbirdə Bakı dəmir yolu xəstəxanasının 9 həkimi dəmiryolçuları müayinə edib. Gün ərzində 63 nəfər müayinədən keçirilib, bunlardan 27 nəfəri ambulator müayinəyə cəlb olunub.
Qeyd edək ki, "Sağlamlıq günü" tədbirləri dəmir yolunun iri qovşaqlarında da təşkil olunur.