Dendrologiya İnstitutunda Zəfər Günü qeyd edilib
Bakı, 4 noyabr, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunda Zəfər Günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri Dendrologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov açaraq 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən bəhs edib. O, böyük fəxarət hissi ilə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" sözləri xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu.
Tofiq Məmmədov çıxışında işğaldan azad olunmuş ərazilərdə xalqımızın tarixi, mədəni-mənəvi irsinin qorunması və yenidən dirçəldilməsi, vəhşicəsinə talan edilmiş meşələrin biomüxtəlifliyinin bərpasının qarşıda duran taleyüklü vəzifələrdən olduğunu deyib. Alim böyük tarixi Qələbə münasibətilə elmi ictimaiyyəti təbrik edib, müəssisənin əməkdaşlarına bundan sonrakı fəaliyyətlərində böyük uğurlar arzulayıb.
Daha sonra YAP-ın Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edib. O, Azərbaycan Ordusunun Zəfər yürüşündən, xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsindən danışıb.
“Qalib ordunun əsgəri və qalib ölkənin vətəndaşı olmaq qürurverici hissdir. Bizə Qələbə sevincini yaşadan igid oğullarımızla fəxr edirik. Yalnız Vətən yolunda canından keçməyi bacaran qəhrəmanlar yetirən xalqın şəhidi olur. Savaş meydanında əldə etdiyimiz tarixi Qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”, - deyə N.Əhmədov bildirib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxışında Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində vəhşicəsinə dağıdılmış mədəniyyət abidələrinin xalqımızın birliyi sayəsində yenidən bərpa olunacağını vurğulayıb.