İQTİSADİYYAT
Deputat: Füzuli aeroportu regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir
Bakı, 6 sentyabr, AZƏRTAC
Füzuli aeroportu dünyada ən qısa zamanda inşa edilən beynəlxalq hava limanlarından biridir. Bu ilin əvvəlində inşasına başlanan hava limanında artıq ilk uçuşu həyata keçirmək mümkün oldu.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, yaxın müddətdə hava limanının ilkin infrastrukturunu əsaslı şəkildə formalaşdırmaq mümkün olub. Hava limanı uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur.
“Füzulidə hava limanının tikilməsi turistlərə daha sərfəli və qısa yolla işğaldan azad olunan ərazilərimizə səfər etmək imkanı verəcək. Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı, həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu, xüsusən işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından önəmlidir”, - deyə V.Bayramov diqqətə çatdırıb.