DEPUTATLARIMIZ AŞPA KOMİTƏLƏRİNİN İCLASLARINDA İŞTİRAK ETMİŞLƏR
Dekabrın 10-da Parisdə Avropa Şurası Parlament Assambleyası Siyasi işlər komitəsinin növbəti iclası keçirilmişdir. İclasda Belorus üzrə yardımçı komitənin yaradılması, Balkanlarda, Çeçenistanda vəziyyət, Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsi, təşkilatın qış sessiyasına hazırlıq işlərinin gedişi məsələləri müzakirə olunmuşdur.
AZƏRTAC-ın Fransadakı müxbirinin əldə etdiyi məlumata görə, iclasda Avropanın yeni Konstitusiyasının hazırlanması və Avropada ümumi dəyərlərin qəbul edilməsi məsələlərinin müzakirəsində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov çıxış etmiş, ümumi dəyərləri qəbul edən Avropanın müəyyən məsələlərin müzakirəsində ikili standartlara yol verməsi barədə tənqidi mülahizələrini bildirmişdir.
Belorusdakı prosesləri izləmək məqsədi ilə yaradılmış yardımçı komitənin ilk iclasında onun doqquz nəfərdən ibarət tərkibi müəyyənləşdirilmiş, S.Seyidov da bu quruma üzv seçilmişdir.
İngiltərəli deputatın Çeçenistanda vəziyyətlə bağlı məruzəsi rusiyalı deputatların ciddi narazılığına səbəb olmuş və geniş müzakirə obyektinə çevrilmişdir. Milli Məclisin deputatı Asim Mollazadə bu məsələdə Avropa Şurasının mövqeyini dəstəkləmiş və beynəlxalq terrorizmə qarşı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Monitorinq komitəsinin dekabrın 11-də keçirilmiş iclasında Rusiyanın öhdəliklərinin yerinə yetirilməsi, Türkiyə parlamentinə seçkilər, Ukraynada vəziyyət, Bosniya və Hersoqovina üzrə məruzəçilərin təyin olunması, monitorinq prosesinin gedişinə dair illik hesabat məruzəsinin layihəsi ətrafında müzakirələrdə deputat A.Mollazadə çıxış edərək, Rusiyada yaşayan soydaşlarımızın və Məshəti türklərinin hüquqlarının pozulduğunu faktlarla açıqlamışdır. Rusiyalı deputatlar bu məsələni ciddi araşdıracaqlarını və konkret tədbirlər görəcəklərini vəd etmişlər.
Öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar Monitorinq komitəsinin fəaliyyəti geniş müzakirə olunmuşdur. Milli Məclisin deputatları N.Şahtaxtinskaya, B.Əliyev və A.Mollazadə məsələyə münasibətlərini bildirmiş deputatlara dəstək vermiş, öhdəliklərin yerinə yetirilməsinin yalnız AŞ-nin üzvü olan Şərqi Avropa ölkələrinə deyil, bu təşkilatın bərabər hüquqlu üzvü olan digər ölkələrə də eyni dərəcədə şamil edilməsinin vacibliyini xüsusi vurğulamışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris