Dəridə turşuluq dərəcəsinin dəyişməsi sızanaqlara səbəb ola bilər
Bakı, 29 may, AZƏRTAC
Saç dərisində yaranan sızanaqlar hər hansı daxili xəstəliyin, həmçinin baş dərisində gedən proseslərin normal olmaması ilə əlaqədar ola bilər.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu mərkəz strukturuna daxil olan 1 nömrəli Dəri-Zöhrəvi Dispanserin həkim-dermatoloqu Nuridə Musayeva deyib.
Onun sözlərinə görə, saç dərisinin ph dərəcəsi (turşuluq dərəcəsi) 4,5-5,5 arasında dəyişir: “Dərəcənin dəyişməsi nəticəsində başımızdakı yağ və tər vəzilərinin ifrazında dəyişiklik yaranır, bu da baş dərisində sızanaqlara - follikulitə (saç follikullarının iltihabi prosesi) səbəb olur. Follikulit - tük follikullarının xroniki xəstəliyidir. Kliniki olaraq sızanaq olan nahiyədə qızartı, qaşıntı, ödəm və ağrıdır. Sızanaqlar daha çox saç dərisinin ön hissəsində müşahidə edilir. Bunun səbəbi müxtəlif olsa da, adətən semium vəzlərinin tıxanması, keratin qalıqlarının yığılması və saç dibindəki mikroorqanizmlərə qarşı reaksiyalar daha çox səbəb olur. Bu mikroorqanizmlərə bakteriyaları, göbələk mənşəli və gənələri misal göstərə bilərik. İmmun çatışmazlığı xəstəlikləri, diabet, xroniki böyrək xəstəlikləri, müxtəlif dermatoloji xəstəliklər, törədicidən asılı olaraq, bakterial, infeksion və qeyri-infeksion xəstəliklər, hormonal tərkibli dərman vasitələri, uzun müddət kimyəvi terapiya almaq follikuliti yaradan əsas səbəblərdəndir”.
N.Musayeva qeyd edir ki, bəzən insanlar özləri ev şəraitində müxtəlif vasitə və üsullarla (sıxmaqla, iynə ilə deşməklə) sızanaqları müalicə etməyə çalışırlar. Dermatoloq vurğulayır ki, bu kimi üsullar təhlükəlidir və zamanla ağır fəsadlar verə bilər: “Unutmaq olmaz ki, baş dərisindəki sızanaqlar bəzən saç tökülməsinə də səbəb ola bilir. Baş dərisində sızanaq olduqda mütləq həkim-dermatoloqlara müraciət edilməlidir. Əvvəlcə kliniki baxış aparılır, ehtiyac olduqda trixoskopik, dermatoskopik müayinələr aparılır, laborator analizlərə müraciət olunur. Sızanağın yaranma səbəbinə bağlı törədiciyə uyğun olaraq, hər pasiyentə fərdi müalicə üsulu tətbiq edilir”.
Həkim-dermatoloq Nuridə Musayeva deyir ki, saç dərisində sızanaqların yaranmaması üçün gigiyenik qaydalara riayət etməklə saçlar düzgün qaydada yuyulmalı, dermatoloqun baş dərinizə uyğun olaraq təyin etdiyi saç yuma və qulluq vasitələrindən istifadə etməli, baş dərisinin çox tərləməsinin, nəm qalmasının qarşısını almalı, sıx baş örtüklərindən və papaqlardan istifadəni azaltmalı, həmçinin qidalanma zamanı yağlı və şəkərli qidalardan az istifadə edilməlidir.
Saç dərinizdə yaranan sızanaq və digər problemlərlə bağlı ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrindəki həkim-dermatoloqlara müraciət etməyiniz vacibdir. Əks halda, ev şəraitində kortəbii şəkildə aparılan müalicə sonradan dəridə daha ciddi xəstəliklərə səbəb ola bilər.