Dərman vasitələri bazarına nəzarət gücləndirilir
Bakı, 21 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb. Belə ki, bu qurumlar dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət həyata keçirəcəklər.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.