Diaqnostik qiymətləndirmədən aşağı bal toplamış müəllimlərə fərdi məsləhət xidməti göstəriləcək
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində Təhsil İnstitutu tərəfindən “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” adlı layihə davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihəyə cəlb olunmuş 6 bölgənin (Gəncə, Qobustan, Ağsu, Hacıqabul, Goranboy və Beyləqan) diaqnostik qiymətləndirmədən yüksək bal toplayan tədris dili, riyaziyyat və ibtidai sinif müəllimləri ilə onlayn görüş keçirilib. Görüşdə layihəyə cəlb olunacaq şagirdlərin ehtiyaclarına uyğun dəstək verməyin yolları müzakirə olunub, müəllimlərə bu istiqamətdə təlimat verilib. İlkin olaraq, Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy və Beyləqan rayonlarının ümumilikdə 18 məktəbinin II-VIII sinif şagirdlərinin bilik və bacarıqlarındakı boşluqları müəyyən etmək məqsədilə diaqnostik qiymətləndirmə aparılır və onların öyrənmə ehtiyaclarına uyğun məşğələlər keçirilir.
Noyabr ayından etibarən həmin 6 bölgənin diaqnostik qiymətləndirmədən aşağı bal toplamış 75 müəlliminə peşəkar inkişafının təkmilləşdirilməsi istiqamətində fərdi məsləhət xidməti göstəriləcək.
Layihə 2022-ci ilin iyun ayına kimi davam edəcək.