Diaspor könüllüləri Ağdama səfər ediblər
Bakı, 11 noyabr, AZƏRTAC
“Karabakh is Azerbaijan” Milli Platforması və Diaspor Könüllülərindən ibarət 50 nəfərlik heyət 8 Noyabr - Zəfər bayramı çərçivəsində Ağdam şəhərinə səfər edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfər zamanı onlara işğaldan azad edilmiş torpaqlarda hazırkı vəziyyət və Ağdamda həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Milli Qəhrəman Allahverdi Bağırovun da məzarı olan Şəhidlər xiyabanı ziyarət edilib. Pənahəli xanın imarəti, Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrına baş çəkən gənclər şəhərin tarixi və mədəniyyət abidələri haqqında məlumat əldə edib, Ağdamın Baş Planı ilə tanış olublar. Məscidin önündə xatirə şəkilləri çəkildikdən sonra gənclər Ağdamın məşhur tarixi abidələrindən və məkanlarından sayılan Şahbulaq qalasına yollanıblar.
Səfər çərçivəsində onlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntıların, Ağdam şəhərinin tarixi və mədəni irsinə qarşı törədilmiş vandalizmin canlı şahidi olublar.
“Otuz ilə yaxın doğma Ağdam şəhərini görməyi səbirsizliklə arzulayırdıq. Çox şükürlər olsun ki, Prezidentimizin, şanlı Ordumuzun sayəsində bu böyük arzumuza çatdıq”, - deyən gənclər bu sevinci xalqımıza bəxş etdiyinə, doğma Qarabağımızın gözü olan bu şəhəri görməyə şərait yaratdığına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.