CƏMİYYƏT
Diaspor nümayəndələri Nijni Novqoroddakı milli ənənələr festivalında iştirak ediblər
Bakı, 29 noyabr, AZƏRTAC
Rusiyanın Nijni Novqorod şəhərində keçirilən “Mədəniyyətlərin Kaleydoskopu” milli ənənələr festivalında ölkəmizi “Nijni Novqorod və Nijeqorod vilayətinin Azərbaycan icması” regional ictimai təşkilatı təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Nijni Novqorod İdarəetmə İnstitutu - Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının filialında təşkil edilən festivalda vilayətdə yaşayan və təhsil alan müxtəlif millətlərin nümayəndələri iştirak ediblər.
Azərbaycan icmasının sədri Rasim Quliyevin rəhbərliyi ilə yaradılan Azərbaycan guşəsində ölkəmizə həsr olunmuş kitablar, Azərbaycan məhsulları və milli mətbəx nümunələrimiz nümayiş etdirilib.
Milli geyimli soydaşlarımızın ifasında təqdim olunan “Sarı gəlin” və “Azərbaycan ritmləri” milli rəqsləri festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.