CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul etmişdir
Gəncə, 24 may (AZƏRTAC). Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İşkəndərov Gəncədə bu şəhərdən, habelə Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl Goranboy, Daşkəsən, Kəlbəcər və Naftalandan olan vətəndaşları qəbul etmişdir.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl komitə sədri şəhərdəki dini obyektlərdə, o cümlədən dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yenidən qurulan İmamzadə dini kompleksində tikinti işləri ilə maraqlanmış, burada bir qrup vətəndaşla söhbət etmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunmuş qəbulda vətəndaşlar əsasən bəzi rayonlarda məscid binalarının inşası, dini ədəbiyyat və əşyaların satışı üçün mağazaların açılması üçün şərait yaradılması və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qəbulda dini icmaların qeydiyyat məsələsi barədə də təkliflər irəli sürülmüşdür.
DQİDK-nın sədri Elşad İskəndərov dindarların qaldırdıqları məsələlərin həlli üçün tədbirlər görüləcəyini bildirmişdir.