Doğma xalqının sızıldayan kamanı
Bakıda tanınmış şair Qaysın Quliyevin anadan olmasının 100 illiyi qeyd edilib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Xalq Şairi Qaysın Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir və şairin TÜRKSOY tərəfindən nəşr olunmuş əsərlərindən və haqqında materiallardan ibarət “Tanrının qılıncı” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, “Kaspi” qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva, Kabardin-Balkar Respublikası Yazıçılar İttifaqının sədri Mutalip Beppayev və başqaları çıxış edərək görkəmli şair Qaysın Quliyevin ömür və yaradıcılıq yolundan danışıblar.
Bildirilib ki, sovet dövründə yaşayıb-yaradan şairin imzası nəinki keçmiş SSRİ-də, eləcə də dünya miqyasında tanınıb. Mənsub olduğu xalqın özünəməxsusluğu, tarixi keçmişi onun yaradıcılığının timsalında daha bariz əksini tapıb. Bəzi səbəblərdən müxtəlif ölkələrdə yaşamasına baxmayaraq, onun əsərlərində xalq ruhunun ətri, dil gözəlliyi, dərin poetik hislərin bütün incəliyi duyulur, bütövlükdə Qafqazın coğrafiyası göz önündə canlanır.
İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedən Qaysın Quliyev təkcə qəhrəman əsgər deyil, həm də istedadlı qələm sahibi kimi tanınıb. Lakin şairin yaradıcılığında həyat eşqi nə qədər güclü olsa da, qəlbinin dərinliklərində qəribə, çox xəfif, gizli bir kədər hissi də vardı. Stalinin əmri ilə “xalq düşməni” damğası vurularaq Qafqazdan Orta Asiyaya sürgün edilməsi şairin yaradıcılığında yanğılı misralarla ifadə olunub, sızıldayan kaman kimi öz xalqının ağrı-acılarını dilə gətirib.
Qeyd edilib ki, onun şeirlərini Azərbaycan oxucularına Əlağa Kürçaylı, Xəlil Rza Ulutürk, Vilayət Rüstəmzadə, Məmməd Araz və başqaları tərcümə ediblər.
Tədbirdə böyük sənətkarla ünsiyyətdə olmuş xalq şairləri Fikrət Qoca və Nəriman Həsənzadə onunla bağlı xatirələrini bölüşüblər.
Türk dünyasının böyük ədiblərinin təbliği istiqamətində TÜRKSOY-un xüsusi rolu və belə tədbirlərin bütün türk respublikalarında qeyd olunmasının əhəmiyyəti vurğulanıb.
Tədbirdə, həmçinin Mola Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən keçirilən tədbirlərə yekun vurulub və bir qrup şəxs “M.P.Vaqif medalı” ilə təltif olunub.