DOST Agentliyi “Könüllü DOST” proqramı adından edilən kibertəhlükə barədə vətəndaşlara müraciət ünvanlayıb
Bakı, 27 avqust, AZƏRTAC
Bu günlərdə “Telegram” sosial şəbəkəsində DOST Agentliyinin “Könüllü DOST” proqramı adından hesab yaradıldığı aşkar edilib. Vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, Bot ilə idarə olunan qeyd edilən hesab aldadıcı kontentə malikdir.
Bu barədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a ünvanlanan müraciətdə xəbər verilir. Müraciətdə daha sonra deyilir: “Vətəndaşların diqqətinə çatdırmaq istərdik ki, Bot ilə idarə olunduğu qeyd edilən hesab aldadıcı kontentə malikdir. Belə ki, burada “Könüllü DOST” proqramına qoşulmaq arzusunda olan vətəndaşların məlumatları toplanılır, onlara könüllülük proqramına qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaqla əlaqədar sorğu ünvanlanır. FİN nömrə daxil edildikdən sonra 4 seçim təqdim olunsa da, həmin seçimlərdən heç biri aktiv deyil, çünki məqsəd yalnız vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN nömrəsini ələ keçirməkdir. Bununla həmin Bot vətəndaşların fərdi məlumatlarına çıxış imkanına malik olur.
Bəyan edirik ki, bu hesabın DOST Agentliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur, onun kimlər tərəfindən yaradıldığı və idarə edildiyi bizə məlum deyil, habelə vətəndaşlar DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramına “Telegram” vasitəsilə cəlb edilmir.
DOST Agentliyinin rəsmi informasiya kanallarını nəzərə çatdırırıq:
İnternet saytı: http://dost.gov.az/
Facebook: https://www.facebook.com/dost.agentliyi
Instagram: https://www.instagram.com/dost.agentliyi/
YouTube: https://www.youtube.com/с/dostagentliyi
Telegram: https://t.me/dostagentliyi
“Könüllü DOST” proqramına qoşulmaq üçün isə istifadə edilən keçidlər:
Rəsmi Instagram hesabından: https://www.instagram.com/konullu.dost
Rəsmi Facebook səhifəsindən: https://www.facebook.com/konullu.dost
Rəsmi Facebook qrupundan: https://www.facebook.com/groups/konullu.dost”
Müraciət bu sözlərlə bitir: “Vətəndaşları bir daha kiber cinayətkarların bu cür əməllərindən qorunmağa, özləri barədə fərdi məlumatları etibarlılığı şübhə doğuran internet resurslarında bölüşməməyə, o cümlədən DOST Agentliyi ilə məlumat mübadiləsini yalnız rəsmi informasiya kanalları vasitəsilə həyata keçirməyə çağırırıq”.