DOST İş Mərkəzində Vətən müharibəsi veteranlarının uşaqları ilə görüş olub
Bakı, 18 noyabr, AZƏRTAC
“Uşaq hüquqları aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST İş Mərkəzində Vətən müharibəsi veteranlarının uşaqları ilə görüş olub. Uşaqlarla birgə onların veteran valideynləri də görüşdə iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə uşaq hüquqları və müdafiəsi mexanizmləri, uşaqların sosial müdafiəsi, yaşı 18-dən az olan işçilər üçün əmək münasibətləri sahəsində nəzərdə tutulan əlavə təminat və güzəştlər barədə uşaqlara məlumat verilib.
Onlar üçün uşaq hüquqlarının qorunması mövzusunda təlim keçirilib. Uşaqlar həmçinin DOST İş Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Vətən müharibəsi veteranları isə DOST İş Mərkəzinin direktoru, Vətən müharibəsi veteranı Firudin Cəbrayılovla görüşüb, onunla 44 günlük savaşla bağlı xatirələrini paylaşıblar.