CƏMİYYƏT
“Dostluq” Udmurtiya Azərbaycan İctimai Mərkəzinin 25 illik yubileyi qeyd olunub
![](/files/galleryphoto/2023/3/1200x630/1698162375576686429_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16981623755207619575_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16981623754308139326_1200x630.jpeg)
Bakı, 24 oktyabr, AZƏRTAC
“Dostluq” Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilatının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyəti - Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçisi Əli Baytalov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Avrasiya Xalqları Assambleyası baş katibinin müavini Rauf Zeyni, Azərbaycanın Rus İcmasının sədr müavini Anastasiya Lavrina, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Oleq Qarin, Rusiya Federasiyası Udmurtiya Respublikasının milli siyasət naziri Eduard Petrov, İjevsk şəhəri bələdiyyəsinin sədri Dmitri Çistyakov, azərbaycanlı icmalarının nümayəndələri və digər şəxslər iştirak ediblər.
Udmurtiyanın “Dostluq” Azərbaycan İctimai Mərkəzinin sədri Zülfiqar Mirzəyev çıxış edərək qurumun fəaliyyəti barədə məlumat verib.
Sonra təşkilatın 25 illik fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.
Tədbirdə Z.Mirzəyevə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib.
Həmçinin təşkilatın fəal üzvləri və diaspor nümayəndələri Udmurtiyada millətlərarası münasibətlərin möhkəmlənməsinə mühüm töhfələrinə görə təltif olunublar.
Bayram tədbirində Azərbaycan xalq mahnıları səsləndirilib.
Mərkəzin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan dəyirmi masa da təşkil edilib.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra görüşlər keçirib, İjevsk şəhərində əfsanəvi rayon polis zabiti Tofiq Kərimovun xatirə lövhəsinin önünə əkililər qoyub. Bundan başqa, nümayəndə heyətinin üzvləri Xalqlar Dostluğu Evinin çoxşaxəli fəaliyyəti ilə tanış olub, M.T.Kalaşnikov adına Muzey-Sərgi Kompleksini ziyarət ediblər.
Qeyd edək ki, Rusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində fəaliyyət göstərən “Dostluq” - Udmurtiya Azərbaycan İctimai Mərkəzi 1998-ci ildə yaradılıb. Təşkilat Udmurtiya Respublikasında yaşayan 15 mindən çox azərbaycanlını sıralarında birləşdirir. Mərkəzə 2014-cü ildən Zülfüqar Mirzəyev sədrlik edir.