SİYASƏT
Dövlət Bayrağı Günü Ağcabədidə də təntənəli şəkildə qeyd olunmuşdur
Ağcabədi, 10 noyabr (AZƏRTAC). Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Ağcabədi şəhərindəki Bayraq Meydanında rayon ictimaiyyətinin nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışmışlar. Bildirilmişdir ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunmuş üçrəngli bayrağımız sovet hakimiyyəti qurulduqdan sonra dəfələrlə dəyişdirilmiş, 1990-cı ilin noyabrında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yenidən bərpa olunmuşdur. Çıxışlarda 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanmasından bəhs edilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunması yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi şəhərində də Bayraq Meydanı inşa edilmiş, hündürlüyü 65 metr olan dövlət bayrağı ucaldılmışdır.
Tədbirdə bayraq günü münasibətilə rayon məktəbliləri arasında rəsm müsabiqəsi və şahmat yarışı keçirilmiş, qaliblər mükafatlandırılmışdır. Tədbir rayon mədəniyyət və turizm şöbəsinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.