SİYASƏT
Dövlət Bayrağı Günü Beyləqanda bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur
Beyləqan, 10 noyabr (AZƏRTAC). Dövlət Bayrağı Günü Beyləqanda bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Beyləqan şəhərinin mərkəzi meydanında keçirilən tədbirdə çıxış edənlər iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, dövlət bayrağının tarixindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Üçrəngli, ay-ulduzli bayrağımız əsrin sonunda - 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində yenidən qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Çıxışlarda 2010-cu il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayraqlarından birinin Azərbaycanda dalğalanmasından bəhs edilmiş, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun ölkədə Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti vurğulanmışdır.
Sonra rayon gəncləri uzunluğu 150 metrə çatan üçrəngli bayraqla mərkəzi meydandan Heydər Əliyev Mərkəzinədək yürüş etmişlər. Tədbir iştirakçıları burada ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, kitab sərgisi ilə tanış olmuşlar.
Tədbir bayram konserti ilə başa çatmışdır.