Dövlət Bayrağı Gününə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 nömrəli tam orta məktəbdə Sabunçu rayon məktəbliləri arasında 9 Noyabr - Bayraq Gününə həsr olunan şeir müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını, məktəbliləri təbrik edərək xoş arzularını bildirib, ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırladıb, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıblar.
Tədbir boyu qonaqlar şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnılarını dinləyib, rəqslərə tamaşa ediblər.
Sonda qaliblərə Baş İdarə tərəfindən diplom, medal və xatirə hədiyyələri təqdim olunub.