Dövlət bayrağına ehtiram etmək hər bir vətəndaşın borcudur
Göyçay, 9 noyabr (AZƏRTAC). Göyçay rayonunda Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Mərasimdə çıxış edənlər bildirmişlər ki, üç rəngli Azərbaycan bayrağı hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə ucaldılmışdır. Ölkəmiz ikinci dəfə müstəqilliyini qazandıqdan sonra isə üçrəngli bayrağımız 1991-ci ildə Naxçıvan Ali Məclisində ulu öndər Heydər Əliyev tərəfindən qaldırılmışdır. Qeyd edilmişdir ki, hazırda üç rəngli bayrağımız dünya dövlətlərinin bayraqlarının sırasında dalğalanmaqdadır.
Sonra dövlət himnimizin sədaları altında dövlət bayrağımız təntənə ilə meydana gətirilmiş və sonra şagirdlərin ifasında "Azərbaycan bayrağı" adlı şeir səslənmişdir.
Tədbirdə bildirilmişdir ki, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər il noyabr ayının 9-nun Dövlət Bayrağı günü kimi qeyd edilməsi barədə Sərəncam imzalanmışdır.
Məlumat verilmişdir ki, Bakı şəhərində Dövlət Bayrağı Meydanında ucaldılmış Azərbaycan bayrağının uzunluğu 70, eni 35 metr, kütləsi təxminən 350 kiloqramdır. Bayraq ucaldılmış dirəyin hündürlüyü 162 metrdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.